Son məlumatlara əsasən, Honq Konqda mərkəzi bank aktivlərinin ÜDM-ə nisbəti 130,1 faiz təşkil edib. Bu göstərici 20 iqtisadiyyat arasında ən yüksək nəticədir.
Monetar.az xəbər verir ki, Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatlarına görə, İsveçrədə bu göstərici 102,5 faiz, Sinqapurda 95,1 faiz, Yaponiyada isə 94,4 faiz olub.
Mərkəzi bank aktivlərinin ÜDM-ə nisbəti Tailandda 55,3 faiz, Birləşmiş Ərəb Əmirliklərində 47,1 faiz, Səudiyyə Ərəbistanında 40,6 faiz, Avrozonada 39 faiz təşkil edib.
Braziliyada göstərici 38,1 faiz, İsraildə 37,6 faiz, Çində 34,4 faiz, Polşada 30,5 faiz, Hindistanda 26,1 faiz olub.
Böyük Britaniyada mərkəzi bank aktivləri ÜDM-in 25,8 faizinə, Cənubi Koreyada 21,3 faizinə, ABŞ-da isə 21,2 faizinə bərabərdir.
Müqayisədə Türkiyə 18,6 faizlə 18-ci, Meksika 14,7 faizlə 19-cu, Avstraliya isə 12,9 faizlə 20-ci yerdə qərarlaşıb.
Mənbə qeyd edir ki, yüksək aktivlər/ÜDM nisbəti avtomatik olaraq iqtisadiyyatın daha güclü və ya zəif olduğunu göstərmir. Bu göstərici mərkəzi bankın balansındakı aktivlərin ölkə iqtisadiyyatının ölçüsünə nisbətini əks etdirir.
Mərkəzi bankların aktivlərinə qızıl və valyuta ehtiyatları, hökumətlərə və maliyyə institutlarına olan tələblər, eləcə də qeyri-maliyyə və əsas vəsaitlər daxil edilir.