Azərbaycanın xarici ticarət göstəricilərində özəl sektorla dövlət sektoru arasında nəzərəçarpan fərq mövcuddur. Belə ki, özəl sektor idxal əməliyyatlarında 82,59% paya sahib olduğu halda, ixracda bu göstərici 46,03% təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanın idxalının ümumi həcmi 11,42 milyard dollar olub. Bunun 9,43 milyard dolları özəl sektorun payına düşüb. Dövlət sektorunun idxaldakı payı isə cəmi 8,74% təşkil edib.
İxracda isə mənzərə əksinədir. Ümumi 21,82 milyard dollarlıq ixracın 11,71 milyard dolları, yaxud 53,67%-i dövlət sektorunun payına düşüb. Özəl sektorun ixracı isə 10,04 milyard dollar olub.
Bu rəqəmlər özəl sektorun xarici ticarətdə əsasən idxal yönümlü fəaliyyət göstərdiyini göstərir. Başqa sözlə, ölkəyə gətirilən məhsulların böyük hissəsi özəl sektor tərəfindən həyata keçirilsə də, xaricə satışlarda dövlət sektorunun payı daha yüksək olaraq qalır.
Digər diqqətçəkən məqam qeyri-neft ixracı ilə bağlıdır. Hesabat dövründə qeyri-neft sektorunun ixracı 6,28 milyard dollar təşkil edib. Bu, ümumi ixracın yalnız 28,78%-nə bərabərdir.
Beləliklə, Azərbaycanın 21,82 milyard dollarlıq ümumi ixracında qeyri-neft sektorunun payının 30%-ə çatmaması xarici ticarətin strukturunda əsas müzakirə mövzularından biri olaraq qalır.
Digər tərəfdən, yüksək texnologiyalar məhsullarının idxalı 1,35 milyard dollar olduğu halda, bu məhsullar üzrə ixrac cəmi 65,7 milyon dollar təşkil edib. Başqa sözlə, yüksək texnologiyalı məhsulların idxalı onların ixracından təxminən 20,6 dəfə çoxdur.
Bu göstəricilər xarici ticarətdə yalnız ümumi ixrac-idxal balansına deyil, həm də özəl sektorun ixrac imkanlarının genişləndirilməsi, qeyri-neft məhsullarının xarici bazarlara çıxışının artırılması və yüksək texnologiyalı məhsullar üzrə ixrac potensialının gücləndirilməsi məsələlərinə diqqəti yönəldir.
Monetar.az