2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının ixracında əhəmiyyətli artım qeydə alınıb.
“İxrac icmalı”nın may sayında yer alan məlumata görə, hesabat dövründə aqrar məhsullar üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz artaraq 298,3 milyon ABŞ dollarına çatıb. Aqrar-sənaye məhsullarının ixracı isə 31,6 faiz artaraq 119 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1 faiz yüksələrək 417,3 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə qeyri-neft sektorunun ixrac strukturunda qızıl əsas mövqeyini qoruyub. Belə ki, yanvar-aprel aylarında ixrac edilmiş qeyri-neft məhsulları arasında qızıl 131,1 milyon ABŞ dolları ilə ilk sırada qərarlaşıb. Pambıq lifi 92,9 milyon ABŞ dolları ilə ikinci, mis filizləri isə 87,9 milyon ABŞ dolları ilə üçüncü olub.
Təkcə aprel ayında qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında da qızıl liderliyini saxlayıb. Aprel ərzində qızıl ixracı 35,89 milyon ABŞ dolları təşkil edib. Pambıq lifi 35,83 milyon ABŞ dolları ilə ikinci, tomat isə 30 milyon ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.
MONETAR.AZ