İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın may sayını dərc edib.
İcmala əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 1,1 milyard ABŞ dollarına çatıb.
Hesabat dövründə bir sıra məhsullar üzrə əhəmiyyətli artım qeydə alınıb. Belə ki, şəkər ixracı 4 dəfə, pambıq iplik ixracı 2,3 dəfə artıb. Bitki və heyvan mənşəli piylər və yağların ixracı 71 faiz, pambıq lifinin ixracı 49,9 faiz, meyvə-tərəvəz ixracı 22,1 faiz yüksəlib. Həmçinin alüminium və onlardan hazırlanan məmulatların ixracı 32,2 faiz, çay ixracı 12,1 faiz, spirtli və spirtsiz içkilərin ixracı isə 9,4 faiz artıb.
Yanvar-aprel aylarında ixrac olunan qeyri-neft məhsulları arasında qızıl 131,1 milyon ABŞ dolları ilə ilk sırada qərarlaşıb. Pambıq lifi 92,9 milyon dollarla ikinci, mis filizləri isə 87,9 milyon dollarla üçüncü olub.
MONETAR.AZ