İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal sənaye sektorlarına yönəldilən dövlət subsidiyalarının son 15 ilin ən yüksək səviyyəsinə yüksəldiyini açıqlayıb.
Təşkilatın dünyanın ən böyük 525 sənaye şirkətinin məlumatları əsasında hazırladığı hesabatda qeyd olunur ki, 15 əsas sənaye sahəsi üzrə dövlət dəstəyi ötən il şirkət gəlirlərinin 1,3 faizinə bərabər olub. Bu isə təxminən 108 milyard ABŞ dolları deməkdir.
Hesabatda bildirilir ki, subsidiyaların həcmi əksər regionlarda artım göstərsə də, Çin şirkətləri dövlət dəstəyindən ən çox faydalanan iştirakçılar olaraq qalır. 2005–2024-cü illər üzrə müqayisəyə əsasən, Çin şirkətləri OECD ölkələrində fəaliyyət göstərən rəqiblərlə müqayisədə orta hesabla 3–8 dəfə daha çox dövlət yardımı alıblar.
Araşdırmaya görə, son 20 ildə qlobal bazar payını artıran şirkətlərin artımının təxminən 22 faizi dövlət subsidiyaları ilə əlaqələndirilir. Çin şirkətləri üçün isə bu göstərici 60 faizə qədər yüksəlir.
OECD-nin hesabatında vurğulanır ki, dövlət dəstəyi bazar paylarının genişlənməsinə təsir etsə də, şirkətlərin məhsuldarlığı və rentabelliyində ciddi artım yaratmayıb.
Ən çox subsidiya alan sahələr sırasında bərpa olunan enerji avadanlıqları, yarımkeçiricilər və ağır sənaye sektoru yer alır.
OECD-nin baş katibi Matias Kormann bildirib ki, iri həcmli və uzunmüddətli sənaye subsidiyaları qlobal bazarlarda rəqabəti poza, qeyri-bərabər üstünlüklər yarada və təklif artıqlığına səbəb ola bilər. Onun sözlərinə görə, bu sahədə daha şəffaf məlumat bazasının formalaşdırılması beynəlxalq ticarət sisteminin daha ədalətli və səmərəli işləməsinə xidmət edəcək.
MONETAR.AZ