2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 65,1 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,6% artım deməkdir.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istehlak bazarının ümumi dəyərinin 78%-i pərakəndə ticarət dövriyyəsinin, 18,5%-i əhaliyə göstərilən ödənişli xidmətlərin, 3,5%-i isə ictimai iaşə dövriyyəsinin payına düşüb.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri illik müqayisədə 4,2% artaraq 62,2 milyard manata çatıb. Bu məbləğin 43%-i fərdi sahibkarların fəaliyyəti hesabına formalaşıb.
Dövlət mülkiyyətinə aid müəssisələrin istehlak bazarında satdığı malların və göstərdiyi xidmətlərin dəyəri isə 2,9 milyard manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. Fərdi sahibkarların dövriyyəsi 26,8 milyard manat təşkil edib və illik müqayisədə nominal ifadədə 1,5% yüksəlib.
2026-cı ilin yanvar-sentyabr aylarında bir istehlakçı orta hesabla ayda 704,2 manat xərcləyib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 64,2 manat çoxdur.
