FED-dən sərt mesaj: İnflyasiya azalmasa, faizlər arta bilər

FED-dən sərt mesaj: İnflyasiya azalmasa,

ABŞ Federal Ehtiyat Sisteminin (Fed) iyul iclasının protokolları bəzi rəsmilərin faiz dərəcəsinin artırılmasını dəstəklədiyini, bir çox rəsmilərin isə inflyasiyanın azalmaması halında pul siyasətinin sərtləşdirilməsinin lazım gələ biləcəyini göstərib.

Monetar.az xəbər verir ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) 28-29 iyul tarixlərində keçirilən iclasında uçot dərəcəsinin 3,5-3,75 faiz səviyyəsində saxlanılması 9 səsə qarşı 3 səslə qəbul edilib. Dallas Federal Ehtiyat Bankının rəhbəri Lorie Logan, Klivlend Federal Ehtiyat Bankının rəhbəri Beth Hammack və Minneapolis Federal Ehtiyat Bankının rəhbəri Neel Kashkari 25 baza bəndi faiz artımına səs veriblər.

Protokollara əsasən, Fed rəsmilərinin inflyasiyanın gələcək dinamikası ilə bağlı gözləntiləri “son dərəcə qeyri-müəyyən” olaraq qalır. Rəsmilərin əksəriyyəti gömrük tariflərinin və əvvəlki enerji qiyməti artımlarının təsirinin azalması ilə inflyasiyanın ilin qalan hissəsində aşağı düşəcəyini gözləyib.

Bununla yanaşı, bir çox rəsmilər inflyasiyanın daha uzun müddət yüksək səviyyədə qala biləcəyi barədə xəbərdarlıq ediblər. İran ətrafında münaqişənin yenidən kəskinləşməsinin də inflyasiya perspektivinə mənfi təsir göstərə biləcəyi bildirilib.

Fed rəsmiləri əmək bazarını ümumilikdə sabit qiymətləndirib və əmək təklifi ilə tələbin balansda olduğunu qeyd ediblər. İqtisadi artımın davamlı olduğu, kapital qoyuluşları və məhsuldarlıq artımının isə güclü qaldığı vurğulanıb.

İyul iclasından sonra açıqlanan iqtisadi göstəricilər isə Fed-ə faiz artımı ilə bağlı təzyiqin azalmasına işarə edib. İyul ayında pərakəndə satışlar bir ildən çox müddətin ən kəskin geriləməsini göstərib, baza inflyasiyası da aşağı səviyyədə qalıb.

Əmək bazarında da işəgötürənlərin iyul ayında gözlənilmədən iş yerlərini azaltması və əvvəlki iki ay üzrə məşğulluq göstəricilərinin aşağı istiqamətdə yenilənməsi diqqət çəkib. Bu məlumatlardan sonra investorların il ərzində faiz artımı ilə bağlı gözləntiləri azalıb.

Protokollarda Fed sədri Kevin Vorşun Federal Açıq Bazar Komitəsinin illik iclaslarının sayının 8-dən 6-ya endirilməsi təklifini irəli sürdüyü də qeyd olunub. Vorş  iclasların təxminən iki aydan bir keçirilməsinin qərar qəbul edənlərə iclaslar arasında daha çox məlumat toplamaq və pul siyasəti məsələlərini daha geniş müzakirə etmək imkanı verəcəyini bildirib.

Protokollara əsasən, bu il Fed-in iclaslarının sayında dəyişiklik edilməyəcək.