Azərbaycanda 1 ildə 107 poçt şöbəsi bağlanıb

Azərbaycanda 1 ildə

2025-ci ildə ölkə üzrə poçt şöbələrinin sayı 2024-cü illə müqayisədə 107 vahid azalaraq 1 335-ə düşüb. Monetar.az xəbər verir ki, bu barədə poçt xidmətlərinə dair statistik məlumatlarda qeyd olunub.

Məlumata görə, 2024-cü ildə ölkədə 1 442 poçt şöbəsi fəaliyyət göstərib. 2025-ci ildə bu göstərici 1 335 olub. Beləliklə, bir il ərzində poçt şöbələrinin sayı 7,4 faiz azalıb.

Azalma əsasən kənd ərazilərində qeydə alınıb. Belə ki, kəndlərdə poçt şöbələrinin sayı 2024-cü ildəki 890-dan 2025-ci ildə 744-ə düşüb. Şəhər ərazilərində isə bu göstərici 552-dən 591-ə yüksəlib.

Poçt müəssisələrində çalışanların sayı da azalıb. 2024-cü ildə 6 127 nəfər olan işçi sayı 2025-ci ildə 5 777 nəfərə enib. Bu, 350 nəfər və ya 5,7 faiz azalma deməkdir.

Poçtalyon və kuryerlərin sayı isə bir il ərzində 1 457 nəfərdən 1 199 nəfərə düşüb. Nəticədə bu kateqoriya üzrə çalışanların sayı 258 nəfər və ya 17,7 faiz azalıb.

Şəhər ərazilərində poçtalyon və kuryerlərin sayı 1 160 nəfərdən 956 nəfərə, kəndlərdə isə 297 nəfərdən 243 nəfərə qədər azalıb.

Bununla yanaşı, poçt və kuryer xidmətlərinin həcmi 2024-cü ildəki 112,3 milyon manatdan 2025-ci ildə 125,7 milyon manata yüksəlib. Beləliklə, xidmətlərin həcmi 13,4 milyon manat və ya təxminən 12 faiz artıb.