Yüksək gəlir əldə etmək hələ maliyyə müstəqilliyi demək deyil. Bir çox insan yaxşı qazanc əldə etsə də, düzgün maliyyə planı qurmadığı üçün uzun müddət ərzində kifayət qədər vəsait toplaya bilmir.
Monetar.az xəbər verir ki, ekspertlər pul yığmağa mane olan əsas səhvlər arasında xərclərin planlaşdırılmamasını, maliyyə ehtiyatının yaradılmamasını və qənaətə başlamağı təxirə salmağı göstərirlər.
Birinci səhv – gəlir və xərcləri planlaşdırmamaqdır.
Gəlir artdıqca insanlar xərclərinə nəzarəti zəiflədə və pullarının hara getdiyini izləməyi dayandıra bilərlər. Nəticədə kifayət qədər gəlirə baxmayaraq, böyük alışlar üçün vəsait toplamaq çətinləşir.
Mütəxəssislər gəlir və xərclərin mütəmadi qeyd edilməsini, lazımsız xərclərin müəyyənləşdirilməsini və qənaət üçün konkret məqsəd qoyulmasını tövsiyə edirlər. Bunun üçün “nə qədər?”, “nə vaxta?” və “nə üçün?” suallarına əvvəlcədən cavab vermək vacibdir.
Qənaəti vərdişə çevirməyin yollarından biri də pulun avtomatik olaraq ayrıca hesaba köçürülməsidir. Hətta kiçik məbləğlərin hər ay kənara qoyulması uzun müddətdə əhəmiyyətli vəsaitin formalaşmasına kömək edə bilər.
İkinci səhv – maliyyə ehtiyatı yaratmadan yüksək gəlir axtarmaqdır.
Gözlənilməz təmir, məişət texnikasının sıradan çıxması və digər təcili xərclər zamanı maliyyə ehtiyatının olmaması insanı borc almağa məcbur edə bilər.
Mütəxəssislər əvvəlcə 3-6 aylıq xərcləri qarşılaya biləcək maliyyə ehtiyatının yaradılmasını məsləhət görürlər. Bundan sonra vəsaitlərin daha gəlirli, lakin risk səviyyəsi uyğun olan alətlərə yönəldilməsi nəzərdən keçirilə bilər.
Qısa müddətli məqsədlər üçün əmanət və yığım hesabları, daha uzunmüddətli məqsədlər üçün isə riskləri bölüşdürülmüş investisiya alətləri nəzərdən keçirilə bilər. Mütəxəssislər təcrübəsi olmayan şəxslərə yüksək gəlir vəd edən riskli aktivlərə ehtiyatla yanaşmağı tövsiyə edirlər.
Üçüncü səhv – qənaətə başlamağı təxirə salmaqdır.
Bir çox insan gəlirinin artmasını və ya “artıq pulunun” yaranmasını gözləyir. Lakin ekspertlər bunun səmərəli yanaşma olmadığını bildirirlər.
Hətta hər ay kiçik məbləğlərin kənara qoyulması uzun müddətdə əhəmiyyətli kapital yarada bilər. Burada mürəkkəb faiz effekti də mühüm rol oynayır: yığılan vəsait zaman keçdikcə əlavə gəlir formalaşdırır.
Ekspertlərin fikrincə, qənaət mütləq sərt şəkildə xərcləri azaltmaq demək deyil. Əsas məsələ müntəzəm qənaət, real maliyyə planı və məqsədə uyğun maliyyə alətlərindən istifadə etməkdir.
Beləliklə, pul toplamağa başlamaq üçün böyük məbləğə ehtiyac yoxdur. Əsas məsələ qənaəti sistemli şəkildə həyata keçirmək və bunu gündəlik maliyyə vərdişinə çevirməkdir.
MONETAR.AZ