Bank olmayan kredit təşkilatlarının xalis mənfəəti artıb

Bank olmayan kredit təşkilatlarının

Bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin ilk yarısında maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə BOKT-lərin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artaraq 121,2 milyon manata çatıb.

 Məlumata görə, 30 iyun 2025-ci ildə BOKT-lər üzrə xalis nəticə 13,2 milyon manat zərər olduğu halda, 30 iyun 2026-cı ildə 121,2 milyon manat xalis mənfəət qeydə alınıb. Beləliklə, bir il ərzində maliyyə nəticəsində 134,4 milyon manatlıq yaxşılaşma baş verib.

 BOKT-lərin gəlirlərində əsas artım faiz və qeyri-faiz gəlirləri üzrə müşahidə olunub. 2026-cı ilin yanvar-iyun aylarında faiz gəlirləri 158,3 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin 109 milyon manatlıq göstəricisindən 49,3 milyon manat çoxdur. Faiz gəlirlərinin əsas hissəsini kreditlər üzrə faizlər təşkil edib və bu göstərici 108,8 milyon manatdan 156,8 milyon manata yüksəlib.

 Faiz xərcləri də artaraq 27 milyon manatdan 31,7 milyon manata çatıb. Buna baxmayaraq, xalis faiz gəliri 82 milyon manatdan 126,6 milyon manata yüksəlib.

 Qeyri-faiz gəlirlərində də ciddi artım qeydə alınıb. Bu gəlirlər 2025-ci ilin ilk yarısında 109,2 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 192,9 milyon manata çatıb. Eyni zamanda qeyri-faiz xərcləri 122,5 milyon manatdan 109,8 milyon manata enib.

 Gəlirlərin artması və xərclərin azalması nəticəsində BOKT-lərin əməliyyat mənfəəti 68,7 milyon manatdan 209,7 milyon manata yüksəlib. Aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün yaradılan xüsusi ehtiyatlara ayırmalar isə 76,8 milyon manatdan 78,1 milyon manata qədər artıb.

 Bütün xərclər və ehtiyat ayırmaları nəzərə alındıqdan sonra BOKT-lərin vergilər ödənilənədək mənfəəti 2025-ci ilin ilk yarısındakı 7,9 milyon manatlıq zərərdən 131,5 milyon manatlıq mənfəətə keçib. Mənfəət vergisi ödənişləri isə 5,3 milyon manatdan 10,3 milyon manata yüksəlib.

 Qeyd edək ki, 2025-ci ildə yaranmış zərərin əsas səbəbi BOKT-lərin prudensial tələblərə uyğun olaraq kredit riskləri üzrə xüsusi ehtiyatların yaradılması olub. 2026-cı ildə isə gəlirlərin artması və maliyyə nəticələrinin yaxşılaşması nəticəsində sektor yenidən yüksək mənfəətə çıxıb.