ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyi avqustun 18-də 2007-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Monetar.az xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, ABŞ-ın borc bazarında təzyiq Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşə biləcəyi ilə bağlı investor narahatlıqları fonunda artır.
Ticarət zamanı 30 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi 2,4 baza bəndi artaraq 5,33%-ə çatıb. 10 illik istiqrazların gəlirliliyi isə 1,1 baza bəndi yüksələrək 4,737% olub.
İnvestorlar ABŞ-İran münasibətlərində vəziyyətin bundan sonra necə inkişaf edəcəyini qiymətləndirirlər. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Tehranın 17 avqustda müddəti başa çatan anlaşma memorandumunun uzadılmasını istəmədiyini bildirib və münaqişənin yenidən kəskinləşə biləcəyini istisna etməyib.
Ekspertlər hesab edirlər ki, mümkün yeni gərginlik neft qiymətlərinin artmasına və inflyasiya təzyiqinin güclənməsinə səbəb ola bilər.
ABŞ-ın dövlət borcunun artması da istiqraz bazarına təzyiq göstərən əsas amillərdən biridir. Ölkənin dövlət borcunun 40 trilyon dollara yaxınlaşması fonunda ABŞ Maliyyə Nazirliyinin borclanma xərclərini artırmalı olduğu bildirilir.
Gəlirlilik artımı digər iri borc bazarlarında da müşahidə olunur. Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2,945%-ə yüksələrək 1996-cı ilin sentyabrından bəri ən yüksək göstəriciyə çatıb.