FED-in  inflyasiya göstəricisi son 3 ilin maksimumuna yüksəlib

FED-in  inflyasiya göstəricisi son

ABŞ-də Federal Ehtiyat Sisteminin (FED) əsas inflyasiya göstəricisi hesab olunan şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi 2026-cı ilin aprel ayında son üç ilin ən yüksək səviyyəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun açıqladığı məlumata əsasən, PCE qiymət indeksi illik müqayisədə 3,8 faiz artıb. Bu göstərici 2023-cü ilin may ayından bəri qeydə alınan ən yüksək artım hesab olunur və bazar proqnozlarına uyğun gəlib.

Məlumatda bildirilir ki, İranla davam edən münaqişənin enerji bazarına təsiri inflyasiya təzyiqlərini gücləndirib. Xüsusilə, Hörmüz boğazında daşımaların pozulması enerji qiymətlərinin yüksəlməsinə səbəb olub. ABŞ-da pərakəndə benzin qiymətləri aprel ayında 12,3 faiz artıb. Müharibənin başladığı fevral ayının sonundan etibarən isə benzin qiymətlərində ümumi artım 50 faizi ötüb.

Bundan əlavə, enerji daşıyıcılarının bahalaşması gübrə, alüminium və müxtəlif istehlak malları üzrə tədarük zəncirində problemlər yaradıb, bəzi məhsulların çatışmazlığına səbəb olub.

Qida və enerji məhsulları nəzərə alınmadan hesablanan əsas PCE indeksi də yüksəlib. Belə ki, mart ayında 3,2 faiz olan göstərici aprel ayında illik ifadədə 3,3 faizə çatıb.

MONETAR.AZ