İstanbulda bahalaşma oktyabr ayında sürətlənib

İstanbulda bahalaşma oktyabr ayında
Türkiyənin İstanbul şəhərində oktyabr ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 2,47% artıb. İllik inflyasiya isə 32,47% təşkil edib.

Monetar.az xəbər verir ki, bu barədə İstanbul Ticarət Palatasının (İTO) açıqladığı oktyabr ayı üzrə qiymət indeksində bildirilir.

Məlumata görə, sentyabr ayında İstanbulda aylıq inflyasiya 1,66%, illik inflyasiya isə 34,96% olub. Beləliklə, aylıq qiymət artımının sürəti yüksəlib, illik inflyasiya isə azalıb.

Oktyabr ayında ən yüksək bahalaşma geyim və ayaqqabı məhsullarında qeydə alınıb. Bu qrup üzrə qiymətlər bir ayda 10,6% artıb. Əyləncə və mədəniyyət xərcləri 5,32%, rabitə xidmətləri 5,05%, ərzaq və alkoqolsuz içkilər 2,58% bahalaşıb.

Həmçinin mənzil xərclərində 2,24%, restoran və hotellərdə 1,87%, müxtəlif mal və xidmətlərdə 1,82%, səhiyyədə 1,8%, ev əşyalarında 1,67%, təhsildə 1,52% qiymət artımı olub. Nəqliyyat xərcləri 0,45% artıb, alkoqollu içkilər və tütün məhsullarının qiymətində isə dəyişiklik qeydə alınmayıb.

Topdansatış qiymətlərində də artım müşahidə edilib. Oktyabrda İstanbulda topdansatış qiymətləri aylıq 1,2%, illik isə 25,51% yüksəlib.

Topdansatış məhsulları arasında ən yüksək aylıq bahalaşma 3,44%-lə kimyəvi maddələrdə qeydə alınıb. Emal olunmamış materiallar 2,31%, tikinti materialları 1,34%, ərzaq məhsulları 1%, yanacaq və enerji məhsulları 0,53%, mədən məhsulları isə 0,46% bahalaşıb. Tekstil məhsullarının qiymətində dəyişiklik olmayıb.