Münaqişələr iqtisadiyyata ən ciddi zərər vuran amillərdən biridir

Münaqişələr iqtisadiyyata ən ciddi

Beynəlxalq Valyuta Fondunun (BVF) son təhlillərinə görə, hərbi münaqişələr iqtisadiyyatlara təsir baxımından ən dağıdıcı amillər sırasında yer alır. Qurumun hesablamalarına əsasən, münaqişənin baş verdiyi ölkədə iqtisadi istehsal həcmi müharibənin başlanmasından bir il sonra orta hesabla təxminən 3 faiz, beş il sonra isə 7 faizə yaxın azalır.

BVF-nin qiymətləndirməsinə görə bu göstəricilər iri təbii fəlakətlərin, eləcə də dövlət borcu, bank və valyuta böhranlarının iqtisadi təsirlərini üstələyir.

Tarixi məlumatların müqayisəsi göstərir ki, münaqişədə iştirak edən, lakin öz ərazisində döyüş əməliyyatları aparılmayan ölkələr də iqtisadi itkilərlə üzləşir. Belə ölkələrdə iqtisadi geriləmə münaqişədən bir il sonra təxminən 0,1 faiz, beş il sonra isə 1,6 faiz səviyyəsində qiymətləndirilir.

Eyni zamanda, qonşu dövlətlərdə iqtisadi itkilər orta hesabla 1,2 faiz təşkil edir. Ticarət tərəfdaşları isə münaqişənin davametmə müddətindən asılı olaraq 0,6–1,2 faiz arasında azalma ilə üzləşirlər.

Təhlildə qeyd olunur ki, daha qısa müddətli münaqişələr adətən daha intensiv olur və bu səbəbdən iqtisadiyyata daha ciddi zərbə vurur. Bundan əlavə, daxili münaqişələrin təsiri dövlətlərarası müharibələrlə müqayisədə bir qədər daha ağır olur.

Hesablamalar 90 faizlik etibarlılıq intervalı əsasında aparılıb. Bu isə o deməkdir ki, münaqişə baş verən ölkədə bir il sonra orta hesabla 2,8 faizlik iqtisadi azalma göstəricisi təxminən 1,8 faizdən 3,8 faizədək dəyişə bilər.

MONETAR.AZ