Türkiyə hakimiyyəti: müharibə iqtisadiyyatı zəiflədəcək və inflyasiyanı artıracaq

Türkiyə hakimiyyəti: müharibə iqtisadiyyatı zəiflədəcək və

Bloomberg yazır ki, Türkiyənin maliyyə naziri Mehmet Şimşek və Mərkəzi Bankın sədri Fatih Karahan ABŞ-da investorlarla görüşlərdə Yaxın Şərqdəki münaqişənin ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyini bildiriblər.

Onların qiymətləndirmələri Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən verilən yeni proqnozla üst-üstə düşür. BVF 2026-cı ildə Türkiyənin ÜDM artımı üzrə gözləntilərini 4,2%-dən 3,4%-ə endirib.

Mənbələrin sözlərinə görə, Fatih Karahan hesab edir ki, aprel və may aylarında inflyasiya müharibə və enerji daşıyıcılarının bahalaşması səbəbindən artan qiymət təzyiqlərini əks etdirəcək.

Türkiyə hökumətinin əsas ssenarisinə görə, bu il neftin orta qiyməti bir barrel üçün 80 dollar olacaq. Lakin rəsmilər qiymətlərin daha da yüksəlməsi riskinin olduğunu bildirir. Daha əvvəl ölkənin Energetika Nazirliyi qeyd etmişdi ki, yüksək neft qiymətləri dövlət büdcəsinə 14 milyard dollar əlavə yük yarada bilər.

İnvestorlar Mərkəzi Bank rəhbərinin mövqeyini nisbətən “yumşaq” kimi qiymətləndirsələr də, tənzimləyicinin növbəti həftə əsas faiz dərəcəsini artırma ehtimalını istisna etmirlər.

Hazırda baza faiz dərəcəsi 37% səviyyəsindədir, lakin böhran şəraitində Mərkəzi Bank bankları overnight əməliyyatları üzrə 40% dərəcə ilə kreditləşdirir. Rəsmilər yüksək geosiyasi qeyri-müəyyənliyi əsas gətirərək gələcək addımlar barədə konkret siqnallar verməyiblər.

Bununla yanaşı, müsbət amil kimi qeyd olunub ki, son volatillik lirədən kütləvi şəkildə xarici valyutalara keçidə səbəb olmayıb. Həmçinin son dövrlərdə xarici investisiyaların axınında canlanma müşahidə olunur. Bu tendensiya davam edərsə, Mərkəzi Bank yaxın iclasda faiz artımından imtina edə bilər.

MONETAR.AZ