"AFB Bank" ASC-nin 2026-cı ilin birinci yarısı üzrə açıqladığı maliyyə hesabatı bankın aktivlərinin və kredit portfelinin sürətlə genişləndiyini göstərir. Bununla yanaşı, maliyyə nəticələri mənfəətliliyin kəskin zəiflədiyini, əməliyyat xərclərinin artdığını və kapitalın böyümə tempi ilə kredit portfeli arasında balansın diqqət tələb etdiyini ortaya qoyur.
Hesabata əsasən, "AFB Bank" 2026-cı ilin ilk altı ayını cəmi 237 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəət 11,5 dəfə azalıb.
Yarım milyard manatdan artıq aktivlərə malik bank üçün bu göstərici aktivlərin gəlirliliyi baxımından aşağı səviyyədə qiymətləndirilə bilər. Mənfəətin belə əhəmiyyətli azalması bankın gəlir yaratmaq imkanlarının artan xərclər və digər maliyyə öhdəlikləri fonunda zəiflədiyini göstərir.
Hesabat dövründə bankın əməliyyat gəlirləri 91,7 faiz artaraq 29,485 milyon manata çatıb. Lakin eyni zamanda əməliyyat və digər fəaliyyət xərcləri daha yüksək templə – 99,5 faiz artaraq 28,636 milyon manata yüksəlib.
Bu dinamika onu göstərir ki, gəlirlərin artımı xərclərin yüksəlişi ilə demək olar ki, tam kompensasiya olunur. Nəticədə bankın mənfəət marjası əhəmiyyətli dərəcədə daralır və əldə olunan gəlirlərin böyük hissəsi əməliyyat fəaliyyətinin maliyyələşdirilməsinə yönəlir.
"AFB Bank" son bir ildə kredit portfelini təxminən iki dəfə artıraraq 380,558 milyon manata çatdırıb. Eyni dövrdə bankın aktivləri də 72,2 faiz artaraq 536,916 milyon manat olub.
Belə yüksək artım bankın bazarda kreditləşməni aktiv şəkildə genişləndirdiyini göstərir. Bununla yanaşı, kredit portfelinin bu qədər sürətlə böyüməsi risklərin idarə olunması və kapital təminatı baxımından diqqətlə izlənilməli göstəricilərdən hesab olunur.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, kredit portfeli və aktivlər sürətlə artsa da, bankın balans kapitalı cəmi 0,1 faiz artaraq 75,49 milyon manat təşkil edib. Kapitalın artım tempinin aktivlərin genişlənməsindən əhəmiyyətli dərəcədə geri qalması gələcəkdə kapital adekvatlığı göstəricilərinə əlavə təzyiq yarada bilər.
Maliyyə hesabatı göstərir ki, bank cari ilin ilk yarısında kredit riskləri üzrə 611 min manat məbləğində xüsusi ehtiyat ayırıb. Ehtiyatların artırılması kredit portfeli üzrə potensial risklərin nəzərə alındığını göstərən normal bankçılıq mexanizmlərindən biridir. Bununla belə, kredit portfelinin sürətlə genişləndiyi şəraitdə gələcək dövrlərdə ehtiyat ayırmalarının dinamikası bankın maliyyə nəticələrinə birbaşa təsir göstərə biləcək əsas amillərdən biri olaraq qalır.
MONETAR.AZ