"AFB Bank" ASC 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatın təhlili göstərir ki, bankın dövriyyəsi və faiz gəlirləri sürətlə artsa da, xərclərin nəzarətdən çıxması xalis mənfəətin kəskin azalmasına səbəb olub.
Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 93,1% artaraq 11 milyon manatı keçib. Lakin bu uğurlu artım xalis mənfəətdə özünü göstərməyib. Əksinə, bankın xalis mənfəəti iki dəfə azalaraq 1,1 milyon manata düşüb. Bu paradoksal vəziyyətin əsas səbəbi xərclərin gəlirlərdən daha sürətli böyüməsidir. Belə ki, bankın faiz xərcləri 3,7 dəfə artaraq 5,2 milyon manata çatıb. Bu, bankın depozitləri və digər vəsaitləri çox baha qiymətə cəlb etdiyini, nəticədə faiz marjasının daraldığını göstərir.
Hesabatda ən diqqətçəkən məqamlardan biri bankın daxili xərclərinin, xüsusilə əmək haqqı fondunun kəskin şişməsidir. İşçilərin maaş və kompensasiya xərcləri illik müqayisədə 86,3 % artaraq 4,1 milyon manata yüksəlib. Bir il ərzində inzibati xərclərin bu dərəcədə artması bankın əməliyyat səmərəliliyinə böyük zərbə vurub.
Eyni zamanda, bankın investisiya siyasətində də problemlər görünür. Ticarət və investisiya qiymətli kağızları üzrə gəlirlər 11 dəfə azalaraq simvolik bir rəqəmə- 32 min manata düşüb. Bu, bankın qiymətli kağızlar bazarında aktivliyinin və ya gəlirliliyinin minimuma endiyindən xəbər verir.
"AFB Bank"ın xalis mənfəətinin daha da aşağı düşməməsinə səbəb mümkün zərərlər üçün yaradılan ehtiyatların 35 % azaldılması olub. Əgər bank ötən ilki qədər ehtiyat ayırsaydı, rüblük mənfəət daha da kiçik ola bilərdi.
Bankın balans göstəricilərində də riskli meyillər var. Belə ki, bankın aktivləri 14 % artdığı halda, öhdəlikləri (borcları) 16,7% artıb. Müştəri depozitlərinin 21,2% artması müsbət hal kimi görünsə də, bu vəsaitlərin idarə olunması banka çox baha başa gəlir.
"AFB Bank"ın rüblük nəticələri göstərir ki, qurum genişlənməyə və aktivlərini artırmağa çalışsa da, daxili xərclərin və vəsait cəlbi xərclərinin yüksək olması mənfəətliliyi ciddi şəkildə aşağı salır. Cari tendensiya davam edərsə, bankın ilin sonuna daha aşağı rentabelliklə çıxacağı ehtimal olunur.
MONETAR.AZ