“Bank Respublika” ASC 2026-cı ilin ilk 3 ayını 17 milyon 32 min manat xalis mənfəətlə başa vurduğunu elan etdi. İlk baxışda 17.7%-lik mənfəət artımı uğurlu görünsə də, bankın balansındakı rəqəmlər daha dərin və problemli bir mənzərədən xəbər verir.
Bankın ən həssas nöqtəsi depozit portfelidir. Cəmi 3 ay ərzində depozitlər 15% (202 milyon 974 min manat) azalıb. Xüsusilə hüquqi şəxslərin (biznesin) vəsaitləri 753.4 milyon manatdan 550.8 milyon manata düşüb. Bu, korporativ müştərilərin vəsaitlərinin 26.9%-ni bankdan geri çəkməsi deməkdir. B
Bankın faiz gəlirləri 13.1 milyon manat (20%) artsa da, pulu toplamaq üçün çəkdiyi faiz xərcləri daha sürətlə - 6.9 milyon manat (27.8%) artıb. Bu o deməkdir ki, bank bazardan vəsaiti daha baha qiymətə cəlb etməyə başlayıb. Aradakı marjanın daralması gələcəkdə mənfəətliliyi vura bilər.
Cəmi kredit portfeli 18.5 milyon manat (1.1%) azalıb. Lakin daxili struktur daha narahatedicidir:
-
Biznes kreditləri: 28.2 milyon manat (-2.5%) azalıb.
-
İpoteka kreditləri: 3.7 milyon manat (-2.2%) azalıb.
-
İstehlak kreditləri: 13.3 milyon manat (+3.6%) artıb.
Bank real sektoru (biznesi) maliyyələşdirməkdən geri çəkilir və daha riskli hesab olunan nağd istehlak kreditlərinə (382.3 mln AZN) fokuslanır.
Mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmalar ötən ilin eyni dövründəki 150 min manatdan 676 min manata yüksəlib. Bu 350%-lik artım bankın kredit portfelinin keyfiyyətində pisləşmə riskini öncədən gördüyünü və ya bəzi kreditlərin artıq "problemli" kateqoriyasına düşdüyünü göstərir.
Depozit portfelinin 203 milyon manat kiçilməsini kompensasiya etmək üçün bank digər maliyyə təşkilatlarından borclanmağa məcbur olub. Bu öhdəliklər 99.9 milyon manat (9.9%) artaraq 1.1 milyard manatı keçib. Öz müştərisinin pulu ilə yox, borc pulla böyümək bankın maliyyə dayanıqlığı üçün əlavə riskdir.
MONETAR.AZ