Avstraliya dolları ABŞ dolları və Yapon yeninə qarşı son illərin ən yüksək səviyyələrinə qalxıb. Bloomberg-in məlumatına görə, bu artım qlobal bazarlarda risk iştahının yenidən güclənməsini göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir. İnvestorlar ABŞ ilə İran arasında müvəqqəti atəşkəsin uzunmüddətli sülh sazişinə çevrilə biləcəyinə dair optimizm nümayiş etdirirlər.
Avstraliya dolları 0,72 ABŞ dolları səviyyəsinə yüksələrək 2022-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb. Yapon yeninə qarşı isə məzənnə 114,15 səviyyəsinə qalxaraq 1990-cı ilin sentyabrından bəri rekord göstərici olub.
Valyuta bazarındakı bu yüksəliş qlobal fond bazarlarının artımı ilə paralel gedir. S&P 500 indeksi də tarixi maksimumları yeniləyir.
Avstraliya dolları təkcə aprel ayında ABŞ dollarına qarşı 4%-dən çox dəyər qazanaraq G10 ölkələri arasında ən güclü valyutalardan biri olub.
Eyni zamanda Yaponiya yenisi zəifləyib, çünki bazar Yapon Mərkəzi Bankının faiz artırımı ilə bağlı gözləntilərini azaldıb. Bu, bank rəhbəri Kazuo Uedanın ehtiyatlı siqnalları ilə əlaqələndirilir.
MONETAR.AZ