Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 2026-cı il iyulun 15-dən etibarən tədavülə buraxır. Yeni əsginas mövcud dizayn konsepsiyası saxlanılmaqla, daha müasir təhlükəsizlik texnologiyaları ilə yenilənib.
Yenilənmiş 100 manatlıq pul nişanının əsas məqsədi saxtalaşdırmaya qarşı mühafizəni gücləndirmək, pul dövriyyəsinin təhlükəsizliyini artırmaq və beynəlxalq təcrübəyə uyğun yeni texnologiyaları tətbiq etməkdir.
Yenilənmiş əsginasda bir sıra yeni mühafizə elementləri tətbiq olunub. Bunlara:
-
üçölçülü mikrogüzgü effektinə malik, rəngi dəyişən holoqram;
-
dinamik işıq effekti yaradan və rəngi dəyişən "Spark Flow Prime" manat simvolu;
-
işığa tutulduqda görünən Azərbaycan Respublikasının Dövlət Gerbi və nominal rəqəmi əks etdirən su nişanı;
-
görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq tanıma elementləri;
-
mühafizə sapı;
-
mikromətnlər;
-
mürəkkəbsiz çap texnologiyası;
və digər müasir təhlükəsizlik elementləri daxildir. Yeni əsginasın fərqləndirici cəhətlərindən biri də arxa tərəfin şaquli dizaynda hazırlanmasıdır. Bu yanaşma dünya banknot istehsalında tətbiq olunan müasir dizayn tendensiyalarından biri hesab olunur.
Köhnə 100 manatlıqlar qüvvədə qalacaq
Mərkəzi Bankın məlumatına görə, yenilənmiş 100 manatlıq pul nişanı hazırda dövriyyədə olan eyni nominallı əsginaslarla paralel istifadə ediləcək. Köhnə və yeni 100 manatlıqlar qanuni ödəniş vasitəsi olaraq məhdudiyyətsiz qəbul olunacaq.
Yeni pul nişanına uyğunlaşdırılması məqsədilə ölkədə istifadə olunan nağd pul sistemləri və avadanlıqlarının adaptasiyası proseslərinə də başlanılıb.
Mərkəzi Bank qeyd edir ki, yenilənmə mövcud pul dizaynı konsepsiyası çərçivəsində həyata keçirilib. Daha əvvəl 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanlarında da oxşar yenilənmə prosesi aparılıb.
Yeni 100 manatlıq əsginasın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası yerləşdirilib.
Beləliklə, yeni 100 manatlıq pul nişanı həm təhlükəsizlik səviyyəsinin artırılması, həm də milli pul sisteminin müasir texnologiyalara uyğunlaşdırılması istiqamətində növbəti mərhələ kimi qiymətləndirilir.
MONETAR.AZ