Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə 14 mindən çox hesabat təqdim edilib

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə 14 mindən çox

2026-cı ilin ilk 9 ayında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi vasitəsilə dövlət müəssisələrinin büdcə və maliyyə göstəriciləri üzrə hesabatlılığının təmin edilməsi və rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə altsistemdə 1113 müəssisə qeydiyyatdan keçib. Bu müddətdə 3298 aylıq və 11 434 rüblük hesabat təqdim olunub.

Bundan başqa, altsistem vasitəsilə 2026-cı il üzrə 950 təsdiqlənmiş büdcə hesabatı, 2027-ci il üzrə 885 dividend proqnozu hesabatı, eləcə də növbəti il üçün 1529 büdcə proqnozu hesabatı təqdim edilib.

“Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi Azərbaycan Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində fəaliyyət göstərir.

Altsistem dövlət mülkiyyətində olan, həmçinin nizamnamə kapitalındakı nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələri və proqnozlarının monitorinqini həyata keçirir.

Bununla yanaşı, müəssisələrin gəlir və xərc smetalarının icra vəziyyəti rüblük əsasda izlənilir, icra göstəriciləri təhlil olunur və büdcə-maliyyə göstəriciləri üzrə zəruri məlumatların əldə edilməsi təmin edilir.