Ən zərərlə işləyən sığorta şirkəti – Ödənişləri yığımlarını üstələyib

Ən zərərlə işləyən sığorta şirkəti –

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2026-cı ilin ilk 9 ayı üzrə göstəriciləri açıqlanıb. Məlumatlardan aydın olur ki, şirkətlərin böyük əksəriyyətində sığorta haqları ödənişləri üstələsə də, bəzi sığortaçılarda ödənişlərin yığımlara nisbəti 100%-ə yaxınlaşıb və ya bu həddi keçib.

Monetar.az-ın Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-sentyabr aylarında sığorta bazarında ödənişlərin yığımlara nisbəti 70,7% təşkil edib.

2026-cı ilin ilk 9 ayında sığorta haqlarının ödənişlərə nisbətinə əsasən hesablanan zərərlilik göstəricisi 100%-i yalnız “Atəşgah Həyat” Sığorta Şirkətində keçib. Şirkət hesabat dövründə 83,6 milyon manat sığorta haqqı topladığı halda, 87,8 milyon manat ödəniş həyata keçirib. Beləliklə, ödənişlər yığımları təxminən 4,2 milyon manat üstələyib. Şirkətin ödəniş-yığım nisbəti 105% təşkil edib.

Bu göstərici hər 100 manat sığorta haqqına qarşı təxminən 105 manat sığorta ödənişi həyata keçirildiyini göstərir. Yüksək ödəniş-yığım nisbəti ilə seçilən şirkətlərdən biri də “PAŞA Həyat” Sığorta Şirkətidir. Şirkət 9 ay ərzində 568,4 milyon manat sığorta haqqı toplayıb, 548,5 milyon manat ödəniş edib. Nəticədə ödənişlərin yığımlara nisbəti 96,5% olub.

“PAŞA Həyat”ın ödənişləri yığımlardan təxminən 19,8 milyon manat az olsa da, bu göstərici şirkətin topladığı hər 100 manat sığorta haqqına qarşı 96,5 manat ödəniş həyata keçirdiyini göstərir.

“A-Qroup Sığorta”da da ödəniş-yığım nisbəti nisbətən yüksək olub. Şirkət 11,2 milyon manat sığorta haqqına qarşı 9,7 milyon manat ödəniş edib. Göstərici 86,9% təşkil edib.

Təqdim olunan rəqəmlərə əsasən, ödənişlərin yığımlara nisbəti ən aşağı olan şirkətlər sırasında “İpək Yolu Sığorta”, “Aqrar Sığorta” və “AzSığorta” yer alıb. “İpək Yolu Sığorta”nın 6,6 milyon manat sığorta haqqına qarşı ödənişləri 402 min manat təşkil edib. Şirkətin ödəniş-yığım nisbəti 6,1% olub.

“Aqrar Sığorta”da 20,5 milyon manat yığıma qarşı 1,9 milyon manat, “AzSığorta”da isə 5,9 milyon manat yığıma qarşı 1,5 milyon manat ödəniş qeydə alınıb. Bu şirkətlərdə müvafiq göstəricilər 9,2% və 24,7% təşkil edib.

“PAŞA Sığorta”da ödəniş-yığım nisbəti 42,4%, “Atəşgah” Sığorta Şirkətində 46,3%, “Meqa Sığorta”da isə 45,9% olub. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətləri ümumilikdə 1 milyard 248,5 milyon manat sığorta haqqı toplayıb, 882,7 milyon manat ödəniş həyata keçiriblər.

Beləliklə, bazar üzrə ödəniş-yığım nisbəti 70,7% təşkil edib. Başqa sözlə, toplanan hər 100 manat sığorta haqqına 70,7 manat ödəniş düşüb.