İnvestisiya layihələri üzrə amortizasiya meyarları təsdiqlənib

İnvestisiya layihələri üzrə

Dövlət büdcəsindən dövlət investisiya proqramları çərçivəsində dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərə görə vergitutma məqsədləri üçün amortizasiya hesablanmasına yol verilən investisiya layihələrinin meyarları təsdiq olunub.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təsdiqlənən meyarlar dövlət investisiya proqramları çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına dövlət müəssisələri tərəfindən alınan və ya quraşdırılan əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə investisiya layihələrinə şamil edilir. Sənəd həmin layihələr üzrə vergitutma məqsədləri üçün amortizasiya hesablanmasına imkan verən tələbləri müəyyənləşdirir.

Meyarlar paylarının və ya səhmlərinin 51 faizi və daha çoxu birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlərə, məhdud məsuliyyətli cəmiyyətlərə, digər təşkilati-hüquqi formada fəaliyyət göstərən hüquqi şəxslərə və publik hüquqi şəxslərə şamil olunur.

İqtisadiyyat Nazirliyi investisiya layihələrinin təsdiqlənmiş meyarlara uyğunluğunu ildə ən azı bir dəfə monitorinq edəcək.

Monitorinq zamanı layihənin müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkar edilərsə, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş uyğunluq rəyi ləğv olunacaq. Bu barədə 10 iş günü ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə məlumat veriləcək.