Varlı çinlilər aktivlərini ABŞ banklarına köçürürlər

Varlı çinlilər aktivlərini

Pekinin xaricdəki aktivlərə nəzarəti gücləndirməsi varlı çinliləri vəsaitlərini ABŞ-a köçürməyə sövq edir. “CNBC” xəbər verir ki, Çin hakimiyyətinin xarici aktivlərə münasibətdə vergi nəzarətini genişləndirməsindən sonra ABŞ banklarında hesab açmaq istəyən müştərilərin sayı artıb.

Özəl bankirlər və hüquqşünasların sözlərinə görə, müştərilər əvvəllər Sinqapur və Honkonqda saxladıqları aktivləri ABŞ-a köçürməyə çalışırlar.

Çinli müştərilərə ofşor investisiya portfellərinin idarə edilməsində kömək edən Sinqapurun “Golden Acacia Capital” şirkətinin rəhbəri Kit Tan bildirib ki, bu tendensiya kifayət qədər geniş yayılıb.

Onun sözlərinə görə, müştərilər iyul ayından etibarən ABŞ-a köçürmələri planlaşdırmağa başlayıblar. Bəzi müştərilər isə iki aydan az müddətdə ABŞ banklarında hesab açmağa nail olublar.

Aktivlərin köçürülməsinə marağın artması Çində tətbiq edilən yeni vergi qaydaları ilə əlaqələndirilir. İyul ayında hakimiyyət orqanları Çin vergi rezidentlərinin xarici trastlardan əldə etdikləri gəlirlərin 20% dərəcəsi ilə vergiyə cəlb ediləcəyini açıqlayıblar.

Sinqapur və Honkonqda fəaliyyət göstərən hüquqşünaslar müştərilərə vergi öhdəliklərini hesablamaqda, trastları ləğv etməkdə, səhmləri satmaqda və ya kredit əməliyyatlarını rəsmiləşdirməkdə kömək edirlər.

ABŞ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 100-dən çox yurisdiksiyanın maliyyə hesabları barədə məlumatları avtomatik mübadilə etdiyi Ümumi Hesabatlılıq Standartına qoşulmayıb. Sinqapur və Honkonq bankları Çinlə əlaqəli hesablar barədə Pekinə məlumat verməli olduqları halda, ABŞ bankları eyni standart çərçivəsində belə öhdəlik daşımırlar.

“Blue Brick Consulting Group” şirkətinin rəhbəri Ceyms Van bildirib ki, ABŞ-da rezident olmayan şəxslər vergi orqanlarına hesabatvermə öhdəliklərinin daha məhdud olduğu investisiya alətlərindən istifadə edə bilərlər. Bununla belə, onun sözlərinə görə, Çin vergi rezidentləri yeni qaydalara əsasən, dünya üzrə əldə etdikləri gəlirləri müstəqil şəkildə bəyan etməlidirlər.

Çin ailə ofisləri ilə işləyən Nyu-Yorklu kapital idarəetməsi üzrə məsləhətçi isə ABŞ banklarının artan tələbatı qarşılamaqda çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, bəzi banklar müştərilərin tələb olunan minimum kapital məbləğini təmin etməsi üçün ayrılan müddətləri qısaldıblar.

Honkonqun “Zhong Lun” hüquq firmasının tərəfdaşı Klifford Nq qeyd edib ki, bəzi müştərilər ABŞ-ın Ümumi Hesabatlılıq Standartı çərçivəsində məlumat mübadiləsində iştirak etməməsinə görə maliyyə məlumatlarının açıqlanmayacağına və vergi orqanlarının nəzarətindən yayınmağın mümkün olacağına ümid edirlər.

Lakin hüquqşünaslar bu strategiyanın uzunmüddətli nəticə verməyə biləcəyi barədə xəbərdarlıq edirlər. Nq-in sözlərinə görə, xarici yurisdiksiyalarda saxlanılan vəsaitlər barədə məlumatlar artıq Ümumi Hesabatlılıq Standartı vasitəsilə Pekinə ötürülmüş ola bilər. Bu səbəbdən aktivlərin Sinqapur və ya Honkonq banklarından ABŞ banklarına köçürülməsi Çin hakimiyyətinin diqqətini cəlb edə bilər.

MONETAR.AZ