Qlobal dövlət borcu dünya ÜDM-nin 100 faizini ötə bilər

Qlobal dövlət borcu dünya ÜDM-nin

Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristalina Georgiyeva qlobal dövlət borcunun İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə yaxınlaşdığını və yaxın illərdə dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 100 faizini ötəcəyini bildirib.

O, oktyabrın 7-də Sinqapurda, BVF və Dünya Bankının 12–18 oktyabr tarixlərində Banqkokda keçiriləcək illik iclasları ərəfəsində çıxış edərək hökumətləri büdcə intizamını gücləndirməyə çağırıb.

Georgiyevanın sözlərinə görə, xüsusilə ABŞ başda olmaqla inkişaf etmiş iqtisadiyyatlar dövlət borcunun artımında mühüm rol oynayır. Bu ölkələrdə borcun ÜDM-ə nisbəti inkişaf etməkdə olan və aşağı gəlirli dövlətlərlə müqayisədə daha yüksəkdir.

Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə, dövlət və özəl sektorun borcları daxil olmaqla, qlobal borcun ümumi həcmi artıq 365 trilyon dolları ötüb.

BVF rəhbəri hökumətləri zəruri tədbirləri təxirə salmamağa və inandırıcı büdcə konsolidasiyası planları hazırlamağa çağırıb. O vurğulayıb ki, dövlət borcunun idarə olunmasında yalnız iqtisadi artımın sürətlənməsinə arxalanmaq artıq kifayət etmir.

Georgiyevanın fikrincə, son 17 ildə faiz dərəcələrinin iqtisadi artım templərindən aşağı olduğu dövr hökumətlərə nisbətən əlverişli maliyyələşmə şəraiti yaradıb. Lakin faizlərin yüksəlməsi həmin şəraiti dəyişdirərək borca xidmət xərclərini artırır.

BVF rəhbəri ABŞ, Almaniya və Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin müvafiq olaraq 2007, 2009 və 1996-cı illərdən bəri ən yüksək səviyyələrə çatdığını və artım təzyiqinin davam etdiyini qeyd edib.

Georgiyeva inflyasiya təzyiqini artıran amillər sırasında enerji daşıyıcılarının bahalaşmasını, süni intellektə investisiyaların sürətlə artmasını, gömrük tariflərini, müdafiə xərclərini və borca xidmət yükünün ağırlaşmasını göstərib.

Neftin qiymətinin bir barel üçün 100 dollar ətrafında qalması və “Brent” fyuçerslərinin 2027-ci ilədək yüksək qiymətlərin davam edə biləcəyinə işarə etməsi fonunda BVF rəhbəri bir sıra ölkələrdə ehtiyatlı və sərt pul-kredit siyasəti yürütmək üçün əlverişli şəraitin yarandığını bildirib.

O, ABŞ Federal Ehtiyat Sisteminin (FES), Avropa Mərkəzi Bankının (AMB) və Yaponiya Bankının faiz dərəcələrini artırmaq istiqamətində atdığı addımları da məqsədəuyğun hesab edib.

Daha əvvəl “Bloomberg” BVF-nin qlobal dövlət borcunun dünya ÜDM-inin 100 faizini əvvəlki proqnozlardan iki il tez — 2029-cu ildə — ötəcəyini gözlədiyini yazmışdı.

Borclanmanın artması, yüksək faiz dərəcələri və inflyasiya riskləri hökumətlərin büdcə siyasətində manevr imkanlarını məhdudlaşdırır. Bu şəraitdə BVF büdcə dayanıqlığının qorunması və dövlət maliyyəsinin uzunmüddətli risklərə qarşı möhkəmləndirilməsini prioritet hesab edir.

MONETAR.AZ