Samsung 3-cü rübdə 79,8 milyard dollar rekord mənfəət əldə edib

Samsung 3-cü rübdə 79,8 milyard dollar rekord

“Samsung Electronics Co.” şirkətinin 2026-cı ilin üçüncü rübündə əməliyyat mənfəəti 107 trilyon vondan (79,8 milyard dollar) çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,8 dəfə artım deməkdir.

Monetar.az xəbər verir ki, “Yonhap” agentliyi şirkətin ilkin maliyyə hesabatına istinadən məlumat yayıb.

İlkin göstəricilərə əsasən, Samsung-un gəlirləri illik müqayisədə 126,6% artıb. Şirkətin rüblük əməliyyat mənfəəti ilk dəfə 100 trilyon von həddini keçə bilər. Xalis mənfəətə dair məlumat isə ilkin hesabatda açıqlanmayıb.

Samsung-un maliyyə göstəricilərindəki kəskin yüksəlişin əsas səbəblərindən biri süni intellekt infrastrukturuna qlobal investisiyaların artmasıdır. Bu tendensiya yarımkeçiricilərə tələbatı gücləndirib, yaddaş çiplərinin təklifindəki çatışmazlığı dərinləşdirib və qiymətlərin yüksəlməsinə şərait yaradıb.

Bununla belə, yaddaş çipləri istehsalı ilə əlaqəli olmayan bəzi bölmələr zərərlə işləməkdə davam edib. Həmin bölmələrin ümumi əməliyyat zərərinin təxminən 1 trilyon von olduğu ehtimal edilir.

Samsung-un 107 trilyon vondan çox əməliyyat mənfəəti əldə etməsi təsdiqlənərsə, bu, şirkətin tarixində rekord nəticə olacaq. Belə bir göstərici “Apple” və “Nvidia” kimi qlobal texnologiya şirkətlərinin maliyyə nəticələri ilə müqayisədə də diqqətəlayiq miqyasda olacaq.

Müqayisə üçün, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti 2022-ci ilin ikinci rübündə 86,5 milyard dollar əməliyyat mənfəəti açıqlamışdı.