"Xalq Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat dövründə "Xalq Bank"ın əsas diqqətçəkən məqamlarından biri gəlir və xərc dinamikası arasındakı fərqdir.
Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında bankın əməliyyat gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq 121,06 milyon manat təşkil edib. Eyni zamanda əməliyyat xərcləri 17,5 faiz artaraq 99,728 milyon manata yüksəlib.
Bu iki göstərici arasındakı fərq bankın əməliyyat səmərəliliyinə təsir edib. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərin azalması və xərclərin yüksəlməsi nəticəsində əməliyyat mənfəəti zəifləyib.
Nəticədə bankın xalis mənfəəti 49,3 faiz azalaraq 13,489 milyon manata düşüb. Baxmayaraq ki, bank hesabat dövrünü mənfəətlə başa vurub, mənfəətlilik göstəricilərindəki kəskin azalma diqqət çəkir.
Hesabatın digər mühüm məqamlarından biri kredit riskləri üzrə xüsusi ehtiyatların həcminin əhəmiyyətli dərəcədə azalmasıdır.Cari ilin ilk yarısında bankın xüsusi ehtiyatlara ayırmaları 89 faiz azalaraq 800 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 7,2 milyon manatdan çox olub.
Ehtiyat ayırmalarının azalması bankın cari mənfəət göstəricilərinə müsbət təsir edə bilər. Bununla yanaşı, kredit portfelində risklərin gələcək dinamikası baxımından ehtiyat siyasəti mühüm göstəricilərdən biri olaraq qalır. Xüsusilə kredit portfelinin keyfiyyəti və mümkün risklər üzrə adekvat ehtiyatların formalaşdırılması bankın maliyyə dayanıqlığı üçün əsas amillərdəndir.
"Xalq Bank"ın balans göstəricilərində də azalma müşahidə olunub. 2026-cı il iyulun 1-nə bankın aktivləri illik müqayisədə 17,7 faiz azalaraq 2,832 milyard manat təşkil edib. Öhdəliklərin həcmi isə 20,6 faiz azalaraq 2,309 milyard manata düşüb.
Bankın əsas fəaliyyət istiqamətlərindən biri olan kredit portfelində də geriləmə qeydə alınıb. Müştərilərə verilmiş xalis kreditlərin həcmi 3,7 faiz azalaraq 1,730 milyard manat olub.
Hesabat dövründə bankın depozit portfelində də azalma qeydə alınıb. Depozitlərin həcmi 7,3 faiz azalaraq 1,700 milyard manat təşkil edib.
Hesabatda diqqət çəkən məqamlardan biri kapital göstəricilərindəki fərqli dəyişikliklərdir. Bankın səhmdarları tərəfindən nizamnamə kapitalı 7,5 faiz artırılaraq 446,6 milyon manata çatdırılıb. Bununla belə, ümumi balans kapitalı 1,9 faiz azalaraq 523,78 milyon manat təşkil edib.
MONETAR.AZ