Gələcəyin işçiləri: Robotlar ən çox hansı sahələrdə işləyəcək?

2025-ci ildə robot texnologiyaları sənayesindən əldə edilən gəlirlərin sektoral pay bölgüsü açıqlanıb.
"Statista Market Insights"ın 2024-cü ilin mart ayına olan proqnozlarına əsasən, robot texnologiyaları sənayesində ən böyük gəlir payı səhiyyə sektorunun olacaq.
Təqdim olunan qrafikə görə səhiyyə sektoru sənaye və xidmət robotlarından əldə olunan ümumi gəlirlərin 27 faizini təşkil edəcək. Səhiyyədə robotlar əməliyyat otaqlarında, dezinfeksiya, reabilitasiya və tibbi ləvazimatların daşınması kimi həyati əhəmiyyətli sahələrdə istifadə olunur.
Evlərdə istifadə olunan xidmət robotları da getdikcə populyarlaşır. Bu sahənin gəlirlərdəki payı 19,8 faiz təşkil edəcək. Xidmət sektorunun digər sahələri, o cümlədən robot-ofisiantlar və barista robotları ümumi gəlirlərin daha 10,3 faizini təmin edir.
Digər sektorlar arasında əyləncə sənayesi 9,3 faiz, elektrik və elektronika sənayesi 6,7 faiz, logistika 5,8 faiz, avtomobil sənayesi 5,6 faiz, kənd təsərrüfatı 3,8 faiz, kimya sənayesi isə 2 faiz paya malikdir. Qalan 9,7 faiz isə digər sahələrin payına düşür.
MONETAR.AZ