Müasir tibbin görünməz düşməni: Antibiotik müqaviməti

Müasir tibbin görünməz düşməni:
7 Avqust 2025 09:15

Müasir tibbin ən böyük problemlərindən biri olan antibiotik müqaviməti getdikcə daha ciddi hal alır. Antibakterial infeksiyaların müalicəsində istifadə edilən bu dərmanların təsir gücü bakteriyaların onlara qarşı davamlılıq qazanması ilə azalır.

Antibiotiklər necə işləyir?

Antibiotiklər müxtəlif yollarla bakteriyaları məhv edir. Bəziləri bakteriyaların hüceyrə divarının yaranmasına mane olur, bəziləri zülal sintezini dayandırır, bəziləri isə metabolizmini pozur. Qədim dövrlərdə də təbii yollarla alınan antibiotiklərdən istifadə olunduğu bilinir.

Antibiotik müqaviməti nədir?

Bu, bakteriyaların əvvəllər onları məhv edən və çoxalmasının qarşısını alan antibiotiklərə qarşı həssaslığını itirməsidir. Nəticədə infeksiyaların müalicəsi çətinləşir, bəzən isə mümkün olmur.

Müqavimət necə yaranır?

Bakteriyalar antibiotiklə təmasdan sonra sağ qala bilsələr bu dərmana qarşı davamlılıq xüsusiyyətini növbəti nəsillərə ötürürlər. Bu prosesə ən çox səbəb olan amil isə antibiotiklərin həkim göstərişi olmadan və ya düzgün dozada istifadə edilməməsidir.

Gələcək təhlükələr

Araşdırmalara görə əgər bu problemə qarşı mübarizə aparılmazsa, 2050-ci ilə qədər hər il təxminən 10 milyon insan antibiotiklərlə müalicə olunmayan infeksiyalardan həyatını itirə bilər. Bu rəqəm, xərçəng səbəbindən yaranan ölümlərdən də çoxdur.

Necə qoruyaq?

Bu təhlükənin qarşısını almaq üçün aşağıdakılara riayət etmək vacibdir:

  • Həkimin təyin etdiyi dozanı aşmamaq və icazəsiz antibiotik istifadə etməmək.

  • Şəxsi gigiyena qaydalarına diqqət etmək.

  • Xəstəxanalarda infeksiyaların yayılmasının qarşısını almaq.

Əks halda, adi infeksiyalar belə ölümcül ola bilər, müalicə xərcləri artar və xəstəxanada qalma müddəti uzana bilər. Bu da xəstəliklərin daha geniş yayılmasına və ölüm hallarının artmasına gətirib çıxara bilər.

Tuncay Səfərəliyev


Oxşar xəbərlər