Hansı bölgədə ən çox nə yeyilir? – Ərzaq istehlakında liderlər

Bölgə sakinlərinin qida seçimləri iqlim, kənd təsərrüfatı imkanları, ənənəvi yemək mədəniyyəti və sosial vərdişlərdən asılı olaraq dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər saldıqda maraqlı məqamlar ortaya çıxır.
Qarabağ iqtisadi rayonu adambaşına çörək və çörək məmulatlarının istehlakında liderdir – ildə 142,1 kiloqram.
Kartof istehlakında birincilik Lənkəran-Astara iqtisadi rayonuna məxsusdur. Bu bölgədə adambaşına düşən illik kartof istehlakı 89,7 kiloqram təşkil edir ki, bu da digər regionlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
Tərəvəz və bostan məhsulları üzrə isə Bakı şəhəri fərqlənir. Paytaxt sakinləri bu məhsullardan ildə 121,6 kiloqram istifadə edir və bu, ölkə üzrə ən yüksək göstərici hesab olunur.
Ət və ət məhsulları kateqoriyasında Gəncə-Daşkəsən iqtisadi rayonu öndə gedir – burada adambaşına 37,9 kiloqram ət istehlak olunur. Maraqlıdır ki, balıq və balıq məhsulları üzrə də Gəncə-Daşkəsən və Quba-Xaçmaz iqtisadi rayonları 8,4 kiloqram göstərici ilə liderliyi bölüşür.
Süd və süd məhsulları üzrə də Gəncə-Daşkəsən regionu birinci yerdədir – bu məhsullar üzrə adambaşına düşən illik istehlak 291,2 kiloqram təşkil edir.
Yumurta istehlakında isə Mil-Muğan iqtisadi rayonu ön sıralarda qərarlaşır – burada adambaşına düşən illik istehlak 180 ədəd təşkil edir.
Meyvə və giləmeyvə ilə ən çox qidalanan region Şirvan-Salyan iqtisadi rayonudur – burada bu göstərici 91,3 kiloqramdır. Eyni zamanda, qənnadı məhsulları istehlakı üzrə də Şirvan-Salyan liderdir – 33,2 kiloqram.
Bitki yağı və marqarin məhsullarının istehlakına gəldikdə ən yüksək göstərici Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb – 11,6 kiloqram.
MONETAR.AZ