Maliyyə böhranı və istehsalat gərginlikləri ilə mübarizə aparan ABŞ-ın aviasiya nəhəngi Boeing, tarixinin ən iddialı istehsal planını qiymətləndirir. Şirkətin baş icraçı direktoru (CEO) Kelli Ortberq CNBC-yə müsahibəsində təsdiqləyib ki, korporasiya ən çox satılan dargövdəli təyyarə modeli olan 737 MAX istehsalını ayda 70 ədədə çatdırmaq imkanlarını araşdırır. Əgər bu plan reallaşarsa, proqram tarixində mütləq rekord olacaq və 30 milyard dollardan çox zərər toplayan Boeing-in maliyyə bərpası üçün əsas katalizator rolunu oynayacaq.
Hazırda Boeing ən çox satılan dar gövdəli təyyarəsi olan 737 MAX modelinin aylıq istehsalını 42-dən 47-yə çatdırmaq üzərində işləyir. Şirkətin uzunmüddətli hədəfi ayda 63 təyyarə istehsal etmək olsa da, hazırda daha yüksək istehsal həcmlərinin mümkün olub-olmadığı qiymətləndirilir.
İstehsalın genişləndirilməsində Vaşinqton ştatının Everett şəhərində yaradılmış dördüncü yeni 737 montaj xətti həlledici rol oynayacaq.
Bu xətt ilk növbədə gövdəsi daha uzun olan və bu il Federal Aviasiya Administrasiyasının (FAA) sertifikatını alması gözlənilən 737 MAX 10 modifikasiyasının yığılmasına fokuslanacaq.
Boeing-in bu cür aqressiv rəqəmlərdən danışması şirkətin artıq "stabilləşmə" dövründən "böyümə" dövrünə keçdiyini göstərir. Xatırladaq ki, istehsalat prosesi ciddi tənzimləmə maneələrindən keçib:
-
FAA Məhdudiyyəti (Ayda 38 təyyarə): 2024-cü ilin yanvarında Alyaska Hava Yollarına məxsus təyyarənin qapı panelinin uçuş zamanı qopmasından sonra FAA istehsala sərt limit qoymuşdu.
-
Məhdudiyyətin Aradan Qaldırılması: Keçən il keyfiyyətə nəzarət sistemləri tamamilə yeniləndikdən sonra FAA sərt rəqəmsal limiti ləğv edərək fəaliyyətə əsaslanan nəzarət modelinə keçdi. Bu da Boeing-ə istehsalı əvvəlcə 42-yə, indi isə 47-yə qaldırmağa icilazə verdi.
Aylıq istehsalı 70-ə çatdırmaq cəhdi həm də Boeing-in avropalı əsas rəqibi Airbus ilə rəqabətdə mövqelərini qorumaq istəyindən irəli gəlir. Airbus çoxdan bəyan edib ki, populyar A320neo ailəsinin istehsalını ayda 75 ədədə çatdırmaq istəyir. Lakin mühərrik çatışmazlığı və metal panellərin qüsurları səbəbindən avropalılar bu hədəfi proqnozlaşdırılan müddətdən uzağa — 2027-ci ilin sonuna sürüşdürüblər.
Hər iki aviasiya nəhənginin sifariş kitabçaları 2030-cu illərin ortalarına qədər doludur (Airbus: 7350+, Boeing: 4800+). İndi əsas məsələ təyyarə satmaq deyil, sənayedə davam edən mühərrik, komponent və ixtisaslı işçi qüvvəsi qıtlığı fonunda tədarükçülərin bu rekord templərə (ayda 70+ təyyarə) dözüb-dözməyəcəyidir.
MONETAR.AZ