Çin 2027-ci il yanvarın 1-dən avtomobil ixracına dair tələbləri sərtləşdirəcək. “Autonews”un məlumatına görə, yeni qaydalar xarici bazarlarda avtomobillərə texniki xidmət və təmir imkanlarının, eləcə də ehtiyat hissələri və sərfiyyat materiallarının fasiləsiz tədarükünün təmin edilməsini tələb edir.
Ekspertlər hesab edirlər ki, dəyişikliklər Rusiyanın avtomobil bazarında ilk növbədə bəzi modellərin təklifinin azalmasına və qiymətlərin artmasına səbəb ola bilər.
Çin Ticarət Nazirliyinin sənədinə əsasən, ixrac lisenziyası almaq istəyən şirkətlər xarici servis şəbəkəsi ilə əməkdaşlığı təsdiqləyən sənədlər təqdim etməlidirlər. Buraya müqavilə və ya saziş, şirkətin öz servis şəbəkəsi olduqda isə müvafiq bəyanat daxildir.
Bundan başqa, servisin fəaliyyət göstərdiyi ölkədə təmir işləri aparmaq hüququnu təsdiqləyən sənədlər, xidmət mərkəzinin imkanları barədə məlumat, ərazinin fotoları, avadanlıq və əməkdaşların ixtisası, həmçinin ehtiyat hissələrinin mövcudluğunu təsdiqləyən sənədlər tələb olunacaq.
Bununla yanaşı, artıq 2026-cı ildən avtomobil istehsalçısının icazəsi olmadan Çindən yalnız ölkədə 180 gündən artıq qeydiyyatda olan nəqliyyat vasitələrinin ixracına icazə verilir.
“Avtoveyro” şirkətinin əməliyyat direktoru Vasili Mayorovun sözlərinə görə, yeni tələblərdən ən çox müstəqil idxalçılar vasitəsilə satılan və uzunmüddətli beynəlxalq servis strategiyası olmayan kiçik Çin markalarının modelləri təsirlənə bilər.
Onun qiymətləndirməsinə görə, ilkin mərhələdə belə avtomobillərin qiyməti 5-10% arta bilər. Ayrı-ayrı modellərdə qıtlıq yaranarsa, bahalaşma daha yüksək ola bilər.
“IPM Consulting” şirkətinin idarəedici tərəfdaşı Vadim Tedeyev isə Rusiyada rəsmi şəkildə təmsil olunan “Haval”, “Geely” və “Changan” kimi markaların mövcud diler və servis şəbəkələri səbəbindən ciddi problemlə üzləşməyəcəyini düşünür. Bununla belə, paralel idxal yolu ilə Rusiyaya gətirilən “Xiaomi” və “Zeekr” kimi markalar üçün risklərin daha yüksək olduğu bildirilir.
Xüsusi risk qrupuna Çində birgə müəssisələrdə istehsal olunan qlobal brendlərin avtomobilləri də daxildir. Söhbət “Volkswagen”, “Toyota”, “BMW”, “Mercedes-Benz”, “Hyundai” və “Kia” kimi markalardan gedir.
Bu avtomobillərin ixracı üçün ilkin istehsalçıdan servis dəstəyinin təsdiqlənməsi tələb oluna bilər. Lakin Rusiyaya tədarükünü dayandırmış şirkətlərin belə sənədi təqdim etməkdən imtina etməsi ehtimalı var.
“Avilon” şirkətinin marketinq direktoru Yuri Blinov qeyd edib ki, “Toyota”nın Rusiyada 94 diler mərkəzinin fəaliyyətini davam etdirməsi belə, şirkətin Çin ixracatçısına tələb olunan sənədi təqdim edəcəyinə zəmanət vermir.
Ekspertlər yeni qaydaların Rusiyaya avtomobil ixracını tamamilə dayandıracağını gözləmirlər. İxracatçılar və İdxalatçılar Assosiasiyasının prezidenti Artur Leer hesab edir ki, ümumi idxal həcminə ciddi təsir olmayacaq. Onun sözlərinə görə, avtomobillərin böyük hissəsi MDB ölkələri, xüsusilə Qırğızıstan və Belarus üzərindən Rusiyaya daxil olur və bazar yeni logistika sxemlərinə uyğunlaşa bilər.
Bununla yanaşı, Vadim Tedeyev artıq ödənişi həyata keçirilmiş avtomobillərin Çində ləngiməsi riskinə diqqət çəkib. İxrac lisenziyası olmadıqda avtomobilin ölkədən çıxarılması qeyri-müəyyən müddətə təxirə salına bilər. Bu səbəbdən alıcılara müqavilələrdə vəsaitlərin geri qaytarılması şərtlərini və dəbbə pulunun məbləğini əvvəlcədən müəyyənləşdirmək tövsiyə olunur.
Assosiasiyanın qiymətləndirməsinə görə, yeni qaydalar Çindən artıq çıxarılmış avtomobillərə şamil edilməyəcək. Bu səbəbdən həmin nəqliyyat vasitələrinin Rusiya gömrüyündən keçirilməsi üçün əlavə məhdudiyyətlərin yaranması gözlənilmir.
MONETAR.AZ