Bakıda yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində aparılan təmir-tikinti işləri davam edir. Məqsəd paytaxt sakinləri və sürücülər üçün daha rahat və təhlükəsiz hərəkət şəraitinin təmin olunmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, həyata keçirilən kompleks tədbirlər çərçivəsində iki küçədə təmir işləri artıq başa çatdırılıb. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov və Ceyhun Hacıbəyli küçələri arasındakı hissəsi, həmçinin Xan Şuşinski küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsindən Vaqif prospektinədək olan hissəsi yenilənərək istifadəyə verilib.
Hazırda isə paytaxtın dörd yol sahəsində təmir və yenidənqurma işləri davam etdirilir. Bunlar aşağıdakılardır:
- Qara Qarayev prospektinin yan yolunun Naxçıvanski, Bəhruz Nuriyev və Rüstəmov küçələri arasındakı hissəsi;
- Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinədək, eləcə də Səməd Vurğun Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissələri;
- Nazim Hikmət küçəsinin Asif Məhərrəmov (Şərifzadə küçəsi istiqamətindən) Həsən bəy Zərdabi küçəsi və Mətbuat prospekti istiqamətində yerləşən hissəsi;
- Sənan Abdullayev küçəsində (Baksol yolu) aparılan təmir işləri.
AAYDA bildirir ki, yol-təmir işləri mərhələli şəkildə həyata keçirilir və layihələr tamamlandıqdan sonra həmin ərazilərdə nəqliyyatın hərəkəti daha təhlükəsiz, rahat və fasiləsiz təşkil olunacaq.