Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti və çaylarda baş verən sel hadisələri Qax–Balakən dəmiryol sahəsində infrastruktura ciddi ziyan vurub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, təhlükəsizlik məqsədilə sözügedən istiqamətdə qatarların hərəkətinə məhdudiyyət tətbiq edilib. Bununla əlaqədar olaraq, bu gündən etibarən iyulun 20-dək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.
Qeyd olunub ki, təhlükəsizlik tədbirləri çərçivəsində 8–20 iyul tarixlərində Bakı–Balakən marşrutu üzrə hərəkət edən qatarlar yalnız Qax stansiyasına qədər xidmət göstərəcək. Balakən–Bakı istiqamətində hərəkət edən qatarlar isə səfərlərinə Qax stansiyasından başlayacaqlar.
ADY bildirib ki, sərnişinlərin Qax stansiyası ilə digər stansiyalar arasında rahat daşınmasını təmin etmək məqsədilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu avtobuslar sərnişinləri Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarından Qax stansiyasına, eləcə də əks istiqamətdə çatdıracaq.