Fransanın “Renault” avtomobil konserni 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətin gəliri bazar gözləntilərini üstələyib. Elektromobil satışlarının artması və maliyyə xidmətləri bölməsinin müsbət nəticələri avtomobil satışlarının azalmasının təsirini qismən kompensasiya edib.
Şirkətin iyul-sentyabr aylarında ümumi gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artaraq 11,6 milyard avroya çatıb. “Visible Alpha” analitikləri isə gəlirin 0,3% azalacağını proqnozlaşdırırdılar. Sabit valyuta məzənnələri nəzərə alındıqda artım 1,4% olub.
Hesabat dövründə “Renault”nun avtomobil biznesinin gəliri demək olar ki, dəyişməyərək 9,84 milyard avro təşkil edib. “Mobilize Financial Services” bölməsinin gəliri isə yüksək faiz dərəcələri və gəlirli aktivlərin artması fonunda 11% yüksələrək 1,76 milyard avroya çatıb.
Bununla yanaşı, konsernin rüblük avtomobil satışları 6% azalaraq 497 799 ədədə düşüb. Brendlər üzrə ən böyük geriləmə “Dacia”da qeydə alınıb – satışlar 12,8% azalıb. “Renault” markasının satışları 2,9% gerilədiyi halda, “Alpine” brendi 58,4% artım nümayiş etdirib.
Şirkətin nəticələrində elektromobil seqmenti xüsusi diqqət çəkib. Avropada tam elektrikli avtomobillərin (BEV) satışı illik müqayisədə 84,7% artıb. Nəticədə bu modellərin qrupun minik avtomobillərinin satışındakı payı 12,2 faiz bəndi yüksələrək 25,8%-ə çatıb.
Hibrid və şarj olunan hibrid avtomobillər də nəzərə alındıqda, elektrikləşdirilmiş modellərin minik avtomobillərinin ümumi satışındakı payı 54,9% təşkil edib.
2026-cı ilin yanvar-sentyabr aylarında “Renault” qrupunun ümumi gəliri 7,1% artaraq 41,85 milyard avroya çatıb. Eyni dövrdə avtomobil satışları 2,2% azalaraq 1,66 milyon ədəd olub.
Şirkət 2026-cı il üzrə maliyyə hədəflərini də dəyişməyib. Konsern əməliyyat marjasının gəlirə nisbətinin təxminən 5,5%, avtomobil biznesinin sərbəst pul axınının isə təxminən 1 milyard avro olacağını gözləyir.
“Renault” xammal xərclərinin artması və inflyasiya təzyiqlərinə baxmayaraq, ilin ikinci yarısında əməliyyat marjasının ilk altı ayla müqayisədə bir qədər yaxşılaşacağını proqnozlaşdırır.
MONETAR.AZ