Dünyanın ən güclü kriptovalyutası olan Bitcoin iyun ayının əvvəlində dəyər itirməyə davam edərək 61 min ABŞ dollarınadək geriləyib ki, bu da Yaxın Şərqdə gərginliyin artmasından əvvəlki dövrdən bəri qeydə alınan ən aşağı səviyyə hesab olunur. Sonradan isə kriptovalyutanın qiyməti qismən bərpa olunaraq təxminən 64 min dollar ətrafında sabitləşib.
Bazar iştirakçılarının qiymətləndirmələrinə görə, enişə əsas səbəblərdən biri böyük korporativ Bitcoin investorlarından olan “Strategy Inc.” şirkətinin təxminən 2,5 milyon dollar həcmində Bitcoin satışı həyata keçirməsi olub. Şirkət rəqəmsal aktivlər strategiyası ilə bazarda mühüm göstəricilərdən biri hesab edildiyindən, bu addım investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərib.
Analitiklər bildirirlər ki, ABŞ və İran arasında danışıqların hələ də nəticəsiz qalması fonunda Yaxın Şərqdə davam edən geosiyasi gərginlik də kriptovalyuta bazarında satış təzyiqini artırıb.
Bununla yanaşı, Bitcoin-in dinamikası texnologiya şirkətlərinin səhmlərindən fərqlənərək diqqət çəkib. Belə ki, texnologiya indeksləri tarixi maksimumlarını yenilədiyi halda, Bitcoin ötən ilin oktyabr ayında qeydə alınan 126 min dollardan yuxarı zirvə göstəricisi ilə müqayisədə 50 faizdən çox ucuzlaşıb.
Mütəxəssislərin məlumatına görə, ABŞ-da birjalarda ticarət olunan spot Bitcoin ETF-lərindən son 12 ticarət sessiyası ərzində təxminən 4 milyard dollar həcmində vəsait çıxışı qeydə alınıb ki, bu da indiyədək ən uzun fasiləsiz çıxış seriyası hesab olunur.
MONETAR.AZ