Qlobal əmtəə birjalarında sənaye metallarının taleyi yenidən dalğalı sulara qərq olub. Həftənin əvvəlində geosiyasi gərginlik rüzgarı ilə zirvəyə doğru şahə qalkan mis və alüminium, cümə axşamı günü qazandığı mövqeləri geri verməyə başlayıb. Bu dəfə bazarı aşağı çəkən qüvvə tək tərəfli deyil: bir tərəfdə Yaxın Şərqdən gələn diplomatik yumşalma siqnalları, digər tərəfdə isə texnologiya nəhənglərinin səhmlərində yaşanan qəfil "qanitirmə" sənaye metallarına ciddi təzyiq göstərir.
İsrail və Livan arasında şərti atəşkəs barədə əldə olunan razılıq Yaxın Şərqdəki alovun qlobal tədarük zəncirlərini yandırmayacağı ümidini rəsmən canlandırıb. Hərbi əməliyyatların nizamlanması istiqamətində atılan bu mühüm addım, bir neçə gün əvvəl İranın Küveyt və Bəhreyn istiqamətindəki hücumları ilə "yanan" bazara su çiləyib.
Lakin analitiklər hələ də ehtiyatlıdır. "ING Groep" ekspertlərinin xəbərdarlıq etdiyi kimi, sülhün davamlılığı rəsmi olaraq Hizbullahın silahı yerə qoymasından asılıdır. Hələlik bu qeyri-müəyyənlik qalsa da, ilk diplomatik addım metalların qiymətindəki "müharibə mükafatını" (war premium) sıfırlamağa kifayət edib.
Metalların geri çəkilməsində ən maraqlı və dinamik amil texnologiya və süni intellekt (AI) sektorundakı eniş dalğasıdır. Son aylarda misin tarixi rekordlar qırmasının arxasında yalnız fiziki tələb deyil, həm də böyük bir vizyon dayanırdı: Süni intellekt infrastrukturunun qurulması, nəhəng data mərkəzləri və elektrik şəbəkələrinin genişləndirilməsi. Mis, rəqəmsal inqilabın "qızıl damarı" hesab olunurdu.
Lakin texnoloji eyforiyanın bir qədər səngiməsi və fond birjalarında başlayan satış dalğası bu bağı qırıb:
-
Cənubi Koreyanın texnologiya indeksli KOSPI birjası süni intellekt səhmlərindəki kütləvi satışlar səbəbindən 2,6% çöküb.
-
ABŞ-ın investor barometri sayılan S&P 500 indeksi isə ardıcıl doqquz günlük möhtəşəm yüksəliş seriyasına nöqtə qoyub.
Texnologiya səhmlərinin geriləməsi, AI investisiyalarına bağlı olan mis bazarında əhval-ruhiyyəni dərhal mənfiyə doğru dəyişib.
Sənaye metalları hazırda iki böyük qlobal qüvvənin, Yaxın Şərqdəki kövrək sülh diplomatiyasının və qlobal fond birjalarındakı makroiqtisadi risklərin girovuna çevrilib. Yaxın günlərdə qiymətlərin trayektoriyasını texnoloji nəhənglərin özünü bərpa edib-etməyəcəyi və atəşkəsin kağız üzərindən real səhnəyə köçüb-köçməyəcəyi müəyyən edəcək.
MONETAR.AZ