Marketdə 24 manat, ixracda 8 manat: zeytun yağında qiymət fərqi

Marketdə 24 manat, ixracda 8 manat:

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan 346,91 ton zeytun yağı və onun fraksiyalarını xarici bazarlara ixrac edib. Rəsmi statistikaya əsasən, bu məhsulların ixracından 1 milyon 834,43 min ABŞ dolları gəlir əldə olunub.

İxracın əsas hissəsini saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı təşkil edib. Hesabat dövründə bu kateqoriya üzrə 334,41 ton məhsul ixrac olunub və onun dəyəri 1 milyon 756,79 min ABŞ dolları olub. Hesablamalara görə, məhsulun orta ixrac qiyməti təxminən 5,25 ABŞ dolları/kiloqram, yaxud zeytun yağının orta sıxlığı nəzərə alınmaqla 4,8 ABŞ dolları/litr təşkil edib.

Statistikaya görə, məhsulun əsas ixrac bazarları Rusiya və İsrail olub. Belə ki, Rusiyaya 172,67 ton həcmində 1 milyon 1,26 min dollar, İsrailə isə 130,54 ton həcmində 601,5 min dollar dəyərində zeytun yağı göndərilib. Bundan başqa, ABŞ-a 29,61 ton (143,52 min dollar), Qazaxıstana 1,35 ton (9,38 min dollar), İtaliyaya isə 0,23 ton (1,14 min dollar) məhsul ixrac edilib.

"Digər zeytun yağı və onun fraksiyaları" məhsul qrupu üzrə isə 12,5 ton ixrac həyata keçirilib. Bu məhsulların ümumi dəyəri 77,64 min ABŞ dolları təşkil edib. Həmin kateqoriya üzrə orta ixrac qiyməti 6,21 ABŞ dolları/kiloqram və ya təxminən 5,7 ABŞ dolları/litr olub.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın pərakəndə bazarında bir litr yüksək keyfiyyətli zeytun yağının satış qiyməti marka və mənşə ölkəsindən asılı olaraq təxminən 18-24 manat (10,6-14,1 ABŞ dolları) arasında dəyişir. Bu isə göstərir ki, cari ilin ilk rübündə Azərbaycanın ixrac etdiyi birinci sıxma zeytun yağının orta ixrac qiyməti daxili pərakəndə satış qiymətindən təxminən 2-3 dəfə aşağı olub. Bu fərq əsasən topdansatış ixrac əməliyyatları, logistika zənciri və pərakəndə ticarətdə formalaşan əlavə xərclərlə izah edilir. 

Ümumilikdə, 2026-cı ilin ilk üç ayında Azərbaycan üzrə zeytun yağı və onun fraksiyalarının orta ixrac qiyməti 5,29 ABŞ dolları/kiloqram, yaxud təxminən 4,8-4,9 ABŞ dolları/litr təşkil edib.

MONETAR.AZ