Azərbaycan şirkətlərin yaradılması və qeydiyyatını sadələşdirir

Azərbaycan şirkətlərin yaradılması və qeydiyyatını

Azərbaycanın Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası Dünya Bankının “Business Ready” hesabatı çərçivəsində “Biznesə başlama” göstəricisi üzrə 2026-cı il üçün Yol Xəritəsini təsdiqləyib. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Sənədə əsasən, bu il məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin xarici investisiyalı hüquqi şəxslər üçün xarici dildə olan sənədlərin autentifikasiyası üzrə işlərin davam etdirilməsi planlaşdırılır.

Bu istiqamətdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və xaricdəki konsulluqlar tərəfindən sənədlərin leqallaşdırılması üçün “Konsulluq leqallaşdırılması” informasiya sistemi haqqında əsasnaməni təsdiq edən normativ-hüquqi akt layihəsinin hazırlanması planlaşdırılır. Eyni zamanda “Elektron notariat” sistemi vasitəsilə leqallaşdırılmış sənədlərin tərcüməsinin məsafədən rəsmiləşdirilməsi və onların ünvana çatdırılması üçün proses xəritəsinin hazırlanması və müvafiq proqram təminatının yaradılması da nəzərdə tutulur.

Bundan əlavə, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında iştirak edən qurumların məlumat bazalarının əlaqələndirilməsi üzrə işlərin aparılması planlaşdırılır.

Məlumata görə, “Biznesə başlama” göstəricisi üzrə işçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.