Bu gün saat 11:00-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə gömrük hərracı keçiriləcək.
Hərrac Bakı şəhərinin Nizami rayonunda yerləşən Əmlak Xidmətləri Məkanında (Xəlil Rza Ulutürk küçəsi, 20) təşkil olunacaq.
Hərraca çıxarılan əmlak əsasən tikinti materiallarından ibarətdir. Siyahıya dekorativ mərmər daşları, müxtəlif ölçülü keramoqranit məhsulları, yapışdırıcı materiallar, eləcə də “Dehbid”, “Pietra” və “Silver” markalı mərmər daşlar daxildir.
Ümumilikdə 4464 qutu dekorativ mərmər, 350 kisə keramika yapışdırıcısı, müxtəlif ölçülərdə keramoqranitlər, həmçinin yüzlərlə ədəd mərmər plitələr satışa çıxarılıb. Bundan əlavə, 3250 kisə zədələnmiş qablaşdırmada yapışdırıcı və ara dolğular da hərrac predmetidir.
Lot üzrə start qiyməti 62 430,50 manat müəyyən edilib. Hərracda iştirak etmək üçün tələb olunan beh məbləği 3 121,53 manat, iştirak haqqı isə 312,15 manat təşkil edir.
Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən, gömrük orqanlarının əməkdaşları və onların ailə üzvləri bu hərraclarda iştirak edə bilməzlər.
MONETAR.AZ