"Bərdə Broyler" ASC 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb

"Bərdə Broyler" ASC 2025-ci il üzrə

"Bərdə Broyler" ASC 2025-ci il dekabrın 31-nə olan maliyyə vəziyyəti, mənfəət və ya zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarını açıqlayıb.

Sənədlərə əsasən, müstəqil auditor şirkətin maliyyə hesabatlarının Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun hazırlandığını və müəssisənin maliyyə vəziyyətini bütün mühüm aspektlər üzrə düzgün əks etdirdiyini bildirərək müsbət rəy verib. Bununla belə, hesabat formalarında yer alan bəzi göstəricilər arasında fərqlər müşahidə olunur.

Şirkətin müxtəlif hesabat formalarında eyni hesabat dövrü üzrə təqdim olunan xalis mənfəət göstəriciləri arasında uyğunsuzluq qeydə alınıb.

Belə ki, “Mənfəət və ya zərər haqqında hesabat”da 2025-ci il üzrə xalis mənfəət 44 030,94 manat göstərildiyi halda, “Kapitalda dəyişikliklər haqqında hesabat”da həmin göstərici 46 002,80 manat kimi əks olunub. Beləliklə, iki hesabat arasında 1 971,86 manat fərq yaranır.

Oxşar fərq 2024-cü ilin müqayisəli göstəricilərində də müşahidə edilir. Həmin dövrdə xalis mənfəət bir hesabatda 35 595,70 manat, digər hesabatda isə 37 096,84 manat göstərilib.

Maliyyə sənədlərinə əsasən, şirkətin 2025-ci ildə vergiyə qədər mənfəəti 46 348,36 manat, hesablanmış mənfəət vergisi isə 2 317,42 manat təşkil edib. Bu göstərici riyazi baxımdan təxminən 5 faizlik vergi yükünə uyğun gəlir.

Azərbaycanın vergi qanunvericiliyinə əsasən, hüquqi şəxslər üçün standart mənfəət vergisi dərəcəsi 20 faizdir. Hesabat qeydlərində isə şirkətin hansı əsaslarla fərqli vergi yükü tətbiq etdiyi barədə əlavə açıqlama təqdim olunmayıb.

Şirkətin qısamüddətli debitor borcları həm 2024-cü ilin, həm də 2025-ci ilin sonuna 27 709,03 manat səviyyəsində dəyişməz qalıb.

Maliyyə hesabatına əsasən, müəssisənin nizamnamə kapitalı 247 456 manat təşkil edir. Uzunmüddətli öhdəliklər isə 2024-cü ildəki 308 475,47 manatdan 2025-ci ilin sonuna 258 475,47 manatadək azalıb.

Bölüşdürülməmiş mənfəətin artması nəticəsində şirkətin cəmi kapitalı 446 169,84 manata yüksəlib və bu göstərici ümumi öhdəlikləri üstələyib.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti üzrə xalis daxilolmaların 69 874,13 manat olduğu qeyd edilib. Maliyyə fəaliyyəti çərçivəsində isə 50 000 manat məbləğində borc ödənişi həyata keçirilib.

Nəticədə il ərzində pul vəsaitləri 19 874,13 manat artıb və hesabat dövrünün sonuna şirkətin sərəncamında 44 877,36 manat vəsait qalıb.

Bununla yanaşı, pul vəsaitlərinin hərəkəti cədvəlində vergi və digər məcburi ödənişlərlə bağlı bəzi sətirlərin doldurulmaması diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

MONETAR.AZ