"Cəlilabad Broyler" ASC 2025-ci il dekabrın 31-nə olan maliyyə vəziyyəti, mənfəət və ya zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarını, eləcə də müstəqil auditor rəyini dərc edib.
Maliyyə sənədlərinə əsasən, müstəqil auditor – Audit Consulting 17 MMC şirkətin maliyyə hesabatlarının Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun hazırlandığını və maliyyə vəziyyətini bütün mühüm aspektlər üzrə düzgün əks etdirdiyini bildirərək müsbət rəy verib.
“Mənfəət və ya zərər haqqında hesabat”a əsasən, müəssisənin 2025-ci ildə gəlirləri 129 353,22 manat təşkil edib. Eyni dövrdə xərclər 436 663,44 manata yüksəlib.
Nəticədə şirkət ili 307 310,23 manat xalis zərərlə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə müəssisənin xalis zərəri 159 428,38 manat olub. Beləliklə, illik zərər göstəricisi təxminən iki dəfə artıb.
Hesabatda ən böyük xərc maddəsi amortizasiya xərcləri olub. 2025-ci ildə amortizasiya üzrə xərclər 366 936,87 manat təşkil edib ki, bu da ümumi xərclərin əsas hissəsini formalaşdırır.
Kapitalda dəyişikliklər haqqında hesabatda isə fərqli rəqəmlər əks olunub. Həmin sənədə görə, 2025-ci il üzrə xalis zərər 319 721,66 manat göstərilib.
Beləliklə, “Mənfəət və ya zərər haqqında hesabat” ilə “Kapitalda dəyişikliklər haqqında hesabat” arasında 12 411,43 manat fərq yaranır. Oxşar uyğunsuzluq 2024-cü ilin göstəricilərində də müşahidə edilir.
Şirkətin uzunmüddətli aktivləri 2025-ci ilin sonunda 6,66 milyon manata yaxın olub. Hesabat dövründə tikili və avadanlıqların dəyəri 2,33 milyon manatdan 3,87 milyon manata yüksəlib.
Eyni zamanda, “digər aktivlər” maddəsi üzrə 2,52 milyon manatlıq yeni göstərici formalaşıb. Hesabatda bu aktivlərin mahiyyəti ilə bağlı əlavə açıqlama verilməyib.
“Kapitallaşdırma üçün aktivlər” maddəsi isə 2024-cü ildəki 3,99 milyon manatdan 2025-ci ilin sonunda 146 min manata qədər azalıb. Bu dəyişiklik investisiya layihələrinin əsas vəsaitlərə keçirilməsi ilə bağlı ola bilər.
Şirkətin uzunmüddətli borcları 2025-ci ildə 250 min manat artaraq 2,17 milyon manata çatıb.
Pul vəsaitləri və onların ekvivalentləri isə əksinə, 427 226 manatdan 197 380 manata düşüb. Beləliklə, il ərzində şirkətin sərbəst pul vəsaitləri təxminən 230 min manat azalıb.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti üzrə 618 min manatdan çox vəsaitin əsas vəsaitlərin və uzunmüddətli aktivlərin alınmasına yönəldiyi göstərilir.
Nağd pul hərəkəti hesabatında 2025-ci il üzrə “vergilərə və sair məcburi ödənişlərə görə xaricolmalar” sətri boş saxlanılıb. Halbuki 2024-cü ildə həmin maddə üzrə 88 460,48 manat ödəniş göstərilmişdi.
Bununla yanaşı, balans hesabatında dövlət büdcəsi ilə hesablaşmalar üzrə 127 901,26 manat aktiv və 20 269,03 manat öhdəlik əks olunub.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 849 238 manat təşkil edib. Kapital ehtiyatları isə 4,05 milyon manatdan 3,73 milyon manata azalıb.
2025-ci ilin sonunda şirkətin cəmi kapitalı 4,58 milyon manat, ümumi öhdəlikləri isə 2,45 milyon manat olub.
Maliyyə hesabatı üzrə auditor rəyi Nazim Cəfərov tərəfindən imzalanıb.
MONETAR.AZ