Dünyada milyarderlərin sayının ən sürətlə artacağı ölkələrin reytinqi açıqlanıb. Araşdırmaya əsasən, yaxın beş ildə ən yüksək artımın Səudiyyə Ərəbistanında qeydə alınacağı proqnozlaşdırılır.
Məlumata görə, 2031-ci ilə qədər Səudiyyə Ərəbistanında milyarderlərin sayı 183 faiz artacaq. Hazırda ölkədə 23 milyarder olduğu halda, bu rəqəmin 65-ə yüksələcəyi gözlənilir. Ekspertlər bunu ölkənin “Vision 2030” iqtisadi transformasiya proqramı ilə əlaqələndirirlər.
Reytinqdə ikinci yeri Polşa tutur. Burada milyarderlərin sayının 123 faiz artaraq 13 nəfərdən 29 nəfərə çatacağı proqnozlaşdırılır. İlk üçlüyü isə İsveç tamamlayır. İsveçdə milyarderlərin sayının 81 faiz artacağı gözlənilir.
Siyahıda həmçinin Avstraliya, Danimarka, Yaponiya, Meksika və Filippin kimi ölkələr də yer alıb.
Araşdırmada diqqət çəkən əsas məqamlardan biri də Hindistanın sürətli yüksəlişidir. Hazırda ölkədə 207 milyarder mövcuddur və 2031-ci ilə qədər bu rəqəmin 313-ə çatacağı proqnozlaşdırılır. Ekspertlər bunu texnologiya, istehsal, infrastruktur və istehlak bazarındakı genişlənmə ilə izah edirlər.
Hesabatda qeyd olunur ki, son illər qlobal sərmayə axınları ənənəvi Qərb bazarlarından daha çox Yaxın Şərq, Cənub-Şərqi Asiya və inkişaf etməkdə olan iqtisadiyyatlara yönəlir. Bu isə yeni milyarder mərkəzlərinin formalaşmasına səbəb olur.
Eyni zamanda, ABŞ ümumi sərvət və milyarder sayı üzrə lider mövqeyini qorusa da, artım tempi baxımından geridə qalır. Mütəxəssislər bunu ABŞ-da milyarder sayının artıq çox yüksək olması ilə əlaqələndirirlər.
Analitiklər hesab edir ki, dövlət investisiyaları, sənaye layihələri və biznes yönümlü islahatlar yaxın illərdə qlobal sərvət xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.