Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva bildirib ki, İran ətrafında baş verən münaqişə səbəbindən qlobal iqtisadi artım perspektivləri daha zəif qiymətləndirilir.
Beynəlxalq Valyuta Fondu rəhbəri qeyd edib ki, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunsa da, Yaxın Şərqdəki gərginlik dünya iqtisadiyyatı üçün ciddi sınaq olaraq qalır.
Onun sözlərinə görə, yaranmış vəziyyət qlobal miqyasda böyük təchizat şoku yaradıb və xüsusilə maliyyə ehtiyatları məhdud olan ölkələrin dayanıqlığını yoxlayır.
Georgieva vurğulayıb ki, BVF-nin yaxın günlərdə açıqlanacaq “Dünya İqtisadi Görünümü” hesabatında müxtəlif ssenarilər təqdim ediləcək. Lakin ən nikbin ssenaridə belə iqtisadi artım proqnozlarının aşağı salınacağı gözlənilir.
O bildirib: “Bildiyimiz odur ki, yeni sülh davamlı olsa belə, artım daha yavaş olacaq”.
BVF rəhbəri əlavə edib ki, münaqişə nəticəsində infrastruktur və təchizat zəncirlərinə dəyən ziyan iqtisadi perspektivlərin aşağı istiqamətdə yenidən qiymətləndirilməsini zəruri edir.
Neft qiymətlərində artım və bir çox regionlarda ərzaq təhlükəsizliyinin pisləşməsi ilə müşayiət olunan bu vəziyyət fonunda Georgieva ölkələri ehtiyatlı siyasət yürütməyə çağırıb. O, ixrac və qiymət məhdudiyyətləri kimi birtərəfli addımların qlobal vəziyyəti daha da ağırlaşdıra biləcəyini qeyd edib.
Xatırladaq ki, BVF cari ilin əvvəlində qlobal iqtisadi artım proqnozunu 3,3 faiz səviyyəsində qiymətləndirmişdi. Bununla belə, mövcud geosiyasi risklər fonunda bu göstəricinin yenidən aşağı salınacağı istisna olunmur.
Georgieva həmçinin qeyd edib ki, inflyasiya gözləntiləri pozularsa, mərkəzi banklar faiz artımı ilə qətiyyətli addımlar ata bilər, lakin hazırkı mərhələdə vəziyyəti izləmək daha məqsədəuyğundur.
MONETAR.AZ