Qlobal ərzaq qiymətləri artmaqda davam edir

Qlobal ərzaq qiymətləri

Dünyada ərzaq məhsullarının qiymətləri 2026-cı ilin mart ayında artıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, Ərzaq Qiymətləri İndeksi mart ayında 128,5 bəndə yüksəlib. Bu göstərici 2014–2016-cı illərin baza dövrü ilə müqayisədə qiymətlərin 28,5 faiz artdığını göstərir.

Bildirilib ki, mövcud səviyyə 2022-ci ilin martında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qeydə alınan 160,2 bəndlik pik göstəricidən aşağı olsa da, 2024-cü ilin mart ayı ilə müqayisədə 8 faiz, pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə təxminən 35 faiz yüksəkdir.

Qeyd olunur ki, İran ətrafında davam edən münaqişə ərzaq qiymətlərinə birbaşa deyil, əsasən enerji və gübrə xərclərinin artması vasitəsilə təsir göstərir.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, hazırda qiymət artımları nisbətən məhduddur və əsasən neft qiymətlərinin yüksəlməsi ilə bağlıdır. Onun sözlərinə görə, qlobal taxıl ehtiyatlarının kifayət qədər olması bu təsiri qismən yumşaldır.

Bununla belə, münaqişənin 40 gündən artıq davam edəcəyi halda fermerlərin xərcləri azaltmaq, əkin sahələrini daraltmaq və ya daha az gübrə tələb edən məhsullara keçmək kimi seçimlərlə üzləşəcəyi vurğulanıb. Bu isə gələcək məhsuldarlığa və ərzaq təchizatına mənfi təsir göstərə bilər.

Xatırladılıb ki, 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasının başlanğıcında tələbatın azalması səbəbindən qiymətlər müvəqqəti düşsə də, sonradan tədarük zəncirlərindəki pozuntular və məhsul itkisi nəticəsində sürətlə artıb. 2020-ci ilin aprelindən 2022-ci ilin fevralına qədər qlobal ərzaq qiymətləri 50 faizdən çox yüksəlib.

Daha sonra Rusiyanın Ukraynaya müdaxiləsi və Qara dəniz vasitəsilə taxıl ixracının məhdudlaşması vəziyyəti daha da ağırlaşdırıb. Sonrakı dövrdə alternativ marşrutlar hesabına ixracın bərpası mümkün olub.

FAO-nun məlumatına görə, 2023-cü ilin sonuna doğru qiymətlər müəyyən qədər sabitləşsə də, pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb. 2024-cü ildən etibarən isə yenidən artım müşahidə olunur.

Eyni zamanda qeyd edilir ki, 2024-cü ildə sağlam qidalanmanın orta gündəlik dəyəri alıcılıq qabiliyyəti pariteti ilə 4,46 ABŞ dollarına yüksəlib və nəticədə təxminən 2,6 milyard insan bu xərcləri qarşılaya bilmir.

Mütəxəssislər bildirirlər ki, mövcud tendensiya davam edərsə, qlobal ərzaq təhlükəsizliyi ilə bağlı risklər daha da arta bilər.

MONETAR.AZ