Dünyada nadir torpaq elementləri ehtiyatlarının coğrafi bölgüsü məhdud sayda ölkədə cəmlənməkdə davam edir.
Beynəlxalq Enerji Agentliyinin 2026-cı il üzrə hesabatına əsasən, Çin təkbaşına qlobal ehtiyatların təxminən 49 faizinə sahibdir. Bu ölkədə 44 milyon ton nadir torpaq oksidi ehtiyatı mövcuddur.
Çindən sonra ikinci yerdə Braziliya (21 milyon ton, 23 faiz), üçüncü yerdə isə Hindistan (7,2 milyon ton, 8 faiz) qərarlaşıb.
Hesabatda qeyd olunur ki, Avstraliya, Rusiya və Vyetnam da 3–6 milyon ton aralığında ehtiyatlara malikdir. ABŞ isə qlobal ehtiyatların təxminən 2 faizini təşkil edir.
Ümumilikdə bu yeddi ölkə dünyada məlum olan nadir torpaq elementləri ehtiyatlarının təxminən 97 faizini özündə cəmləşdirir. Myanma isə məlumat çatışmazlığı səbəbindən hesabatda yer almayıb.
Agentlik bildirir ki, 2030-cu ilə qədər və sonrakı dövrdə nadir torpaq elementlərinə tələbatın kəskin artacağı gözlənilir. Bu artım əsasən elektrik nəqliyyatı və külək enerjisi kimi təmiz enerji texnologiyalarının inkişafı ilə bağlıdır.
Eyni zamanda vurğulanır ki, təkcə ehtiyatların deyil, emal və istehsal güclərinin də məhdud sayda ölkədə cəmlənməsi qlobal təchizat zənciri üçün risk yaradır. Xüsusilə Çin həm hasilat, həm də emal sahəsində dominant mövqeyini qoruyur.
Hesabatda qeyd edilir ki, nadir torpaq elementlərinin təkrar emalı hazırda çox aşağı səviyyədədir və qlobal göstərici 1 faizdən azdır. Bununla belə, Avropa, Şimali Amerika və Yaponiya kimi regionlarda yeni layihələrin həyata keçirilməsi ilə təchizatın şaxələndirilməsi istiqamətində addımlar atılır.
MONETAR.AZ