Banklar kreditlərdən 3 milyard manata yaxın faiz qazanıb

Banklar kreditlərdən 3 milyard manata yaxın

Azərbaycanda bankların kreditlərdən əldə etdiyi faiz gəliri bir il ərzində 438 milyon manat artaraq 3 milyard manata yaxınlaşıb. Kreditlər üzrə faiz gəlirinin artım tempi bankların ümumi faiz gəlirlərinin artımını üstələyib.

Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, 2025-ci il avqustun 31-i ilə 2026-cı il avqustun 31-i arasında bankların kreditlər üzrə faiz gəliri 2,54 milyard manatdan 2,98 milyard manata yüksəlib.

Bu, 437,9 milyon manat və ya 17,2 faiz artım deməkdir.

Bankların bütün faiz gəlirləri isə 3,24 milyard manatdan 3,70 milyard manata çatıb. Artım 14,1 faiz olub.

Maliyyə sektorunda yerləşdirilmiş vəsaitlər üzrə faiz gəliri də əhəmiyyətli dərəcədə artıb. Bu istiqamətdə gəlirlər 205,8 milyon manatdan 316,3 milyon manata yüksəlib. Artım 53,7 faiz təşkil edib.

Qiymətli kağızlar üzrə faiz gəliri isə əksinə, 371,7 milyon manatdan 310,3 milyon manata düşüb.

Bankların faiz xərcləri də artıb. Bir il ərzində bu xərclər 1,18 milyard manatdan 1,36 milyard manata yüksəlib.

Xüsusilə depozitlər üzrə ödənilən faizlərdə ciddi artım qeydə alınıb. Bankların depozit sahiblərinə ödədiyi faizlər 827,5 milyon manatdan 995 milyon manata çatıb və 20,2 faiz artıb.

Buna baxmayaraq, faiz gəlirlərinin artımı faiz xərclərinin artımını üstələyib. Nəticədə bank sektorunun xalis faiz gəliri 266,4 milyon manat artaraq 2,28 milyard manata yüksəlib.