Azərbaycanda bankların qeyri-işlək kreditlərinin həcmi son bir ildə 155,6 milyon manat artaraq 946,8 milyon manata çatıb. Problemli kreditlərin artımında əsas pay biznes və istehlak kreditlərinin üzərinə düşüb.
Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, 2son 1 ildə bankların qeyri-işlək kreditləri 791,2 milyon manatdan 946,8 milyon manata yüksəlib. Bu, 19,7 faiz artım deməkdir.
Qeyri-işlək kreditlərin ən böyük hissəsi biznes kreditlərinin payına düşüb. Bu kateqoriyada problemli kreditlərin həcmi 449,4 milyon manatdan 518,1 milyon manata yüksəlib. Artım 68,7 milyon manat və ya 15,3 faiz olub.
İstehlak kreditlərində isə artım daha yüksək olub. Problemli istehlak kreditləri 310,2 milyon manatdan 388,8 milyon manata çatıb. Beləliklə, bu kateqoriyada artım 78,6 milyon manat və ya 25,3 faiz təşkil edib.
İpoteka kreditləri üzrə qeyri-işlək kreditlərin həcmi də artıb. Bu göstərici 31,6 milyon manatdan 39,8 milyon manata yüksəlib. Artım 8,2 milyon manat və ya 25,9 faiz olub.
Ümumi kredit portfelində qeyri-işlək kreditlərin payı isə 2,8 faizdən 2,9 faizə yüksəlib.
Biznes kreditlərində problemli kreditlərin payı 3 faizdən 2,9 faizə enib. İstehlak kreditlərində isə bu göstərici 3,4 faizdən 3,8 faizə yüksəlib.
İpoteka kreditlərində qeyri-işlək kreditlərin payı da 0,7 faizdən 0,8 faizə çatıb.
Beləliklə, son bir ildə problemli kreditlərin ümumi həcmi artsa da, biznes kreditləri üzrə problemli kreditlərin payı azalıb. Ən nəzərəçarpan dəyişiklik isə istehlak kreditlərində qeydə alınıb.