Azərbaycanda biznes kredit portfelinin həcmi son bir ildə 2,7 milyard manat artaraq 17,8 milyard manata çatıb. Ən böyük artım tikinti sektoruna verilən kreditlərdə qeydə alınıb.
Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, 2025-ci il avqustun 31-i ilə 2026-cı il avqustun 31-i arasında bankların biznes portfeli 15,1 milyard manatdan 17,8 milyard manata yüksəlib. Artım 18,1 faiz təşkil edib.
Bu dövrdə tikinti sahəsinə verilən kreditlərin həcmi 1,46 milyard manatdan 2,61 milyard manata çatıb. Beləliklə, tikinti sektorunun kredit portfeli 1,15 milyard manat və ya 79,1 faiz artıb.
Artım tempinə görə ikinci yerdə nəqliyyat sektoru qərarlaşıb. Bu sahəyə yönəldilən kreditlər 1,62 milyard manatdan 2,13 milyard manata yüksəlib. Artım 31,2 faiz olub.
Digər qeyri-istehsal və xidmət sahələrinə verilən kreditlər də əhəmiyyətli dərəcədə artıb. Bu istiqamətdə portfel 2,59 milyard manatdan 3,14 milyard manata çatıb və 21,2 faiz böyüyüb.
İnformasiya və rabitə sektorunda biznes kreditləri 19,9 faiz artaraq 697,2 milyon manatdan 836 milyon manata yüksəlib.
Kənd təsərrüfatına verilən kreditlər 1,89 milyard manatdan 2,07 milyard manata, sənaye sektorunda isə 2,57 milyard manatdan 2,76 milyard manata çatıb.
Ən zəif artım ticarət müəssisələrinə verilən kreditlərdə qeydə alınıb. Bu sahənin kredit portfeli cəmi 18 milyon manat artaraq 4,27 milyard manata yüksəlib.