“SpaceX” şirkəti “Starship” kosmik gəmisinin növbəti sınaq uçuşunun noyabrın 13-nə planlaşdırıldığını açıqlayıb. Şirkət bu dəfə həm kosmik gəminin, həm də “Super Heavy” daşıyıcı raketinin start meydançasına geri qayıdaraq uğurla eniş edəcəyinə ümid edir.
Bu məqsədə nail olmaq üçün uçuşa nəzarət qrupu aparatın atmosferə daxilolma və enişə yaxınlaşma manevrlərini təmin edən sistemlərin saz vəziyyətdə olmasına əmin olmalıdır.
“SpaceX”in açıqlamasında bildirilib ki, sınaq uğurla başa çatarsa, bu, orbital buraxılış sisteminin ilk tammiqyaslı geri qayıdışı olacaq. Şirkət bu mərhələni “Starship”in etibarlı və qısa müddətdə yenidən istismara hazırlana bilən raketə çevrilməsi istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirir.
Növbəti uçuş çərçivəsində “Starship”in yuxarı pilləsinin orbitə 26 ədəd “Starlink V3” peyki çıxarması da nəzərdə tutulur. Onlardan üçü kosmik gəminin istilikdən mühafizə ekranını skan etmək üçün xüsusi kameralarla təchiz edilib.
Bu kameraların əldə edəcəyi görüntülər gəminin atmosferə daxilolma zamanı istilik təsirlərinə davamlılığının qiymətləndirilməsinə, eləcə də onun start meydançasına geri qayıtmağa hazırlığının müəyyənləşdirilməsinə kömək edəcək.
MONETAR.AZ